Emin Əmrullayevin uşaq sayı az olan məktəblərdə növbəti tədris ilindən təhsilin onlayn formada tətbiqi ilə bağlı qərarının cəmiyyət üçün çox həssas və riskli tərəfləri olduğunu düşünürəm. Xüsusilə kənd yerlərində yaşayan uşaqlar üçün distant təhsilin tətbiqi, real şərait nəzərə alınmadan həyata keçirilərsə, onların təhsildən tamamilə uzaqlaşması təhlükəsini yarada bilər.
Bu sözləri Tribuna.az-a Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai bildirib. İB sədri qeyd edib ki, nu gün bir çox kəndlərdə texniki imkanlar – stabil internet, uyğun cihazlar, valideyn nəzarəti və təhsil mühiti – ya çox zəifdir, ya da ümumiyyətlə mövcud deyil:
“Daha önəmlisi isə sosial reallıqdır. Bəzi bölgələrdə qız uşaqları erkən yaşda ailə qurmağa məcbur edilir, oğlan və qız uşaqları kənd təsərrüfatı işlərinə cəlb olunur. Belə bir mühitdə distant təhsil nəzarətsiz qalır və formal bir prosesə çevrilir.
Ən böyük risk odur ki, məktəb binasının, müəllimin və gündəlik təhsil rejiminin ortadan qalxması uşağın həyatında “təhsil” anlayışını zəiflədir. Məktəb bilik yeri olmaqla yanaşı, həm də qoruyucu bir məkandır. Xüsusilə qız uşaqları üçün məktəb onların erkən nikahdan, məcburi əməkdən qorunduğu, sosiallaşdığı ən vacib mühitdir.
Hesab edirəm ki, şagird sayı az olan məktəblər bağlanmaq və ya distant təhsilə keçirilmək əvəzinə, daha güclü pedaqoji və sosial dəstək mexanizmləri ilə qorunmalıdır. Mobil müəllim modelləri, birləşdirilmiş siniflər üçün xüsusi proqramlar, kənd məktəbləri üçün stimullaşdırıcı paketlər daha sağlam və ədalətli yanaşma ola bilər”.
S.Fədai əlavə edib ki, əgər distant təhsil alternativ kimi nəzərdə tutulursa, bu yalnız texniki, sosial və hüquqi təminatlar tam yaradıldıqdan sonra, uşağın təhsildən kənarda qalma riski sıfıra endirilərək tətbiq olunmalıdı:
“Əks halda bu qərar xüsusilə kənd yerlərində yaşayan uşaqların, ən çox da qız uşaqlarının təhsil hüququnun faktiki olaraq əlindən alınması ilə nəticələnə bilər.
Yəni ictimai birlik olaraq, bizim mövqeyimiz aydındır: təhsil əlçatan olmalıdır, amma eyni zamanda qoruyucu və davamlı da olmalıdır”.
Nigar İxtiyarqızı










