“Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir”.
Tribuna.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 31-ci Bakı Enerji Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
“Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur”, – deyə dövlət başçısı qeyd edib.









