Amerika prezidenti Baydenin Kiyevə qəfil səfərindən sonra Putinin belə bir çıxışla xalqa müraciət edəcəyi gözlənilən idi. Həmişə belə dinamikadan sonra Rusiya prezidenti tərəfindən müəyyən bəyanatlar səsləndirilir. Putinin 1 saat 45 dəqiqəlik çıxışını 2 motivdən şərh edə bilərik. Biri Qərbə yönəlmiş çıxışlar idi, digəri isə daxili auditoriyaya hesablanmış mesajlar idi.
Bu sözləri Tribuna.az-a politoloq Züriyə Qarayeva açıqlamasında bildirib. O qeyd edib ki, Qərbə yönəlmiş mesajlar daha çox müharibənin başlanması və Ukraynanın bu vəziyyətə düşməsində Qərbin günahkar olduğuna hesablanmışdı. Putin çıxışında deməyə çalışırdı ki, Ukraynanı bu müharibəyə Qərb salıb, Qərb vadar edib:
“Eyni zamanda həm də göstərməyə çalışırdı ki, Rusiya dövləti Qərbin düşündüyü kimi heç də deqradasiyaya uğramayıb və Rusiyanı tükətməyib. Putin mesaj ötürürdü ki, Rusiyanın bundan sonra da gücü yetir ki, bu müharibəni davam etdirsin və Qərb tərəfindən pozulan milli maraqları, milli təhlükəsizlik maraqları təmin olunana qədər bu müharibəni davam etdirsin.

Daxili auditoriyaya hesablanmış mesajlar isə əsasən əhalidə rüh yüksəkliyi yaratmağa yönəlmişdi. Məlumdur ki, 1 ildir müharibə başlayıb və daxilində hakimiyyətə yönəlik bir neqativ canlanma müşahidə olunur. Hakimiyyət ehtiyat edir ki, xalq açıq şəkildə hakimiyyətə dirənə bilər ki, 1 il bundan öncəki Putinin çıxışında verilən vədlər nəyə görə indiyə qədər yerinə yetirilmədi. Çünki məlum məsələdir ki, bu 1 il ərzində Rusiya Ukraynada heç bir ciddi irəliləyiş əldə edə bilməyib və ortada olan nəticələr insan itkisi, hərbi resursların itkisi və maddi itkilərlə bağlıdır. Sanki bu çıxış da Putinin xalqa hesabat xarakterli çıxışı idi.
Putin bu çıxışı isə hakimiyyətə qarşı artıq narazı olan kütləni ələ almaq, sakitləşdirmək, öz hakimiyyətini qorumaq məqsədi güdürdü. Putin xalqı Rusiyanın hələ də ayaq olduğuna, Qərbin isə daha çox zərər gördüyünə inandırmağa çalışırdı.
Yəni bütövlükdə həm qərbə yönəlik, həm xalqa yönəlik mesajları ümumiləşdirib bu nəticəyə gələ bilərik ki, Putin sadəcə olaraq gövdə göstərişi etməyə çalışırdı. Reallıq isə ondan ibarətdir ki, o, verdiyi vədlərin heç birini yerinə yetirmədi, Ukraynada uğurlu nəticələr əldə edə bilmədi, adi Baxmand uğrunda gedən döyüşlərdə belə heçbir ciddi irəliləyişə nail ola bilmədi”.
Z.Qarayeva bildirib ki, Rusiyanın beynəlxalq imicinin tamamilə pozulduğunu Putin çox yaxşı anlayır və nüvə silahı ilə bağlı dedikləri də ən sonuncu variantı idi:
“Rusiya Strateji Silahların Azaldılması ilə bağlı müqavilədən sonuncu dəfə 2009-ci ildə çıxmışdı. Daha sonra yenidən müqaviləyə qovuşdu. 2021-ci ildə müqavilənin müddəti bitirdi, 5 illi müddətə uzadılmışdı, buna baxmayaraq Rusiya tərəfi bu müqavilədən çıxdığını bəyan etdi. Putin bununla beynəlxalq ictimaiyyətin narahat olduğu məsələni bir daha gündəmə gətirmiş oldu. Bununla Putin “son kozr”unu oynayır.
Mən Rusiyanın belə bir vasitəyə əl atacağını düşünmürəm. Bu, sadəcə Putinin Qərbə yönəlik mesajlarıdır. Bununla Putin Qərbin Ukraynanı meharibəni dayandırmağa vadar etməsinə çalışır. Yəni Putin beynəlxalq ictimaiyyəti qorxutmaqla Ukraynanı müharibədən yayındırmağa çalışır. Məlum məsələdir ki, hazırki şərtlərdə Ukrayna mühatibəni bitirməyəcək. Çünki Ukraynanın müharibəni bitirməsi özü özünü bitirməsi anlamına gəlir. Bu baxımdan, Ukrayna heç vaxt müharibəni bitirməyəcək və müharibə Rusiya üzərində açıq şəkildə qələbə qazanılana qədər də davam edəcək”.









