Havaların isti keçməsiylə sərinlədici içkilərə təlabat artır. Bu kimi hallarda ən çox istifadə edilən isə adi sular olur. Belə sular alarkən onun sərin olub-olmamasına baxsaq da, mütəxəssislər hesab edir ki, suların saxlanma şəraitinə, qabın üzərindəki tarixə baxmaq vacibdir.
Tribuna.az yazır ki, plastik qablaşdırmada satılan sular bir çox hallarda mağazaların qarşısında, açıq havada, günəşin altında saxlanılır. Bu həmin suyun tərkibini dəyişə bilər. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Tribuna.az-a açıqlamasında bildirib ki, indi satışa çıxarılan suların əksəriyyəti keçən ildən qalanlardır:
“bəzən hesab edirlər ki, suyun vaxtı keçmir. Bu belə deyil. Qablaşdırma, onun saxlanmılma şəraiti önəmlidir. Həmçinin su bir il öndə qablaşdırılıb və bu qabın içərisində bir ildən artıq, həmçinin hansı şəraitdə saxlanıldığı bilmədiyimiz şəkildə qalıbsa, bu sağlamlığımız üçün olduqca zərərlidir. Belə suyun tərkibindəki bütün minerallar ölmüş olur. Qablaşdırmanın üzərinə bəzi hallarda tarixi dəyişərək də satışa çıxarırlar. Mümkün qədər güvən qazanmış, dadına əmin olduğunuz markalardan alın”.
Ekspert bildirib ki, qazlı içkilərin isə saxlanma şəraitinə xüsusu diqqət etmək lazımdır:
“Qazlı şirin içkilərin saxlanma şəraitinə xüsusilə diqqət edilməlidir. Günəş altında uzun müddət plastik qablaşdırma içərisində olan qazlı içkilər sağlamlıq üçün olduqca zərərlidir. Zəhərlənmələrə zəbəb ola bilər. Uşaqlar üçün nəzərdə tutulmuş içkilərin saxlanma şəraitinə diqqət edilməsə uşaqlarda allergiya yarada bilər”.










