Əli Cəfərov: “Xatirə lövhəsi şəhidlərin ruhuna ehtiram nişanəsi və vətənpərvərliyin tərbiyəsinə xüsusi töhfə olacaq”
Tribuna.az xəbər verir ki, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin (İB) üzvləri Masallı rayonunun Qarğalıq ərazi nümayəndəliyinin ərazisində nümayəndəliyə daxil olan Qarğalıq, Eminli, Qədirli, Kürdəbazlı və Xallıcallı kəndlərindən Birinci Qarabağ müharibəsində döyüşərək şəhid olan oğulların xatirə lövhəsini ucaldıblar. Bu barədə məlumatı kütləvi informasiya vasitələrinə İB sədri Əli Cəfərov açıqlayıb.
Məlumat üçün bildiririk ki, xatirə lövhəsi Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB-nin maliyyə dəstəyi ilə hazırlanıb. Lövhənin ucaldılması ilə bağlı keçirilən mərasimdə şəhid ailələlərinin, Qarabağ qazilərinin ailə üzvləri başda olmaqla ərazi nümayəndəliyində yaşayan bir sıra sakinlər iştirak ediblər.
Mərasimdə xatirə lövhəsinin ucaldılması ilə bağlı çıxış edən İB sədri Əli Cəfərov bu addımın şəhidlərimizin müqəddəs ruhuna ehtiram nişanəsi olmaqla yanaşı, gələcək nəsillər üçün vətənpərvərlik ruhunun təbliğində də müstəsna xidmətləri ilə seçiləcəyini xüsusi vurğulayıb: “Ərazi nümayəndəliyi sakinlərinin, qonaqların hər gün bu lövhəni görüb şəhidlərimizi yad edəcəyi həm milli-mənəvi dəyərlərimizə hörmət, həm şəhidlərimizin unudulmasına heç vəchlə imkan verməmək, həm də təbii ki, Vətənin qorunmasının, Vətən sevgisinin ən vacib amal olmasını şərtləndirməyə yönələn xüsusi töhfə kimi yaddaşlarda əbədi qalacaqdır”.
Xatirə ucaldılması mərasimində iştirak edən şəhid aillələrinin üzvləri və digər kənd camaatı Uca Yaradandan şəhidlərimizin ruhuna rəhmət diləyib, bu nəcib təşəbbüsə görə İB sədri Əli Cəfərova və birliyin bütün üzvlərinə təşəkkür ediblər.










