Noyabrın 20-də Azərbaycan Dövlət Kukla Teatrında oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə “Uşaq Hüquqları Aylığı” elan edilməsi ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
Teatrın mətbuat xidmətindən Tribuna.az -a bildirilib ki, əvvəlcə Azərbaycan Dövlət Himninin səsləndirilib.
Tədbirin əsas məqsədi uşaq hüquqlarının qorunmasının əhəmiyyətinə diqqət çəkmək, uşaqların hüquq və azadlıqları barədə məlumatlılığını artırmaq, eləcə də cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işinə töhfə vermək olub.
Tədbirdə çıxış edən teatrın Strategiya və kommunikasiya şöbəsinin müdiri Həmidə Rüstəmova uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin və cəmiyyətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir uşağın sağlam, təhlükəsiz və qayğı ilə əhatə olunmuş mühitdə böyüməsi, təhsil alması, istirahət etməsi, öz fikrini sərbəst ifadə etməsi və yaradıcılıq imkanlarını inkişaf etdirməsi üçün əlverişli şərait yaradılmalıdır.
Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Təranə Piriyeva uşaqların hüquqlarının müdafiəsinin yalnız müvafiq qurumların deyil, bütövlükdə cəmiyyətin məsuliyyəti olduğunu bildirib. O, uşaqların şəxsiyyət kimi formalaşmasında ailənin, təhsil müəssisələrinin və mədəniyyət ocaqlarının mühüm rolunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin məsləhətçisi Aytən Qarayeva isə çıxışında uşaqların hüquqlarının müdafiəsi, onların təhlükəsizliyinin təmin olunması, sağlam və hərtərəfli inkişafı üçün görülən işlərdən bəhs edib. O, hər bir uşağın hüquqlarının tanınmasının və qorunmasının vacibliyini vurğulayaraq bu istiqamətdə maarifləndirmənin əhəmiyyətini qeyd edib.
Tədbirdə xüsusi olaraq vurğulanıb ki, Azərbaycan Dövlət Kukla Teatrı uşaqların mənəvi tərbiyəsinə, dünyagörüşünün zənginləşməsinə və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edən tamaşaları ilə bu istiqamətdə öz töhfəsini verir. Teatr sənəti uşaqlarda dostluq, humanizm, mərhəmət və qarşılıqlı hörmət kimi dəyərlərin formalaşmasına mühüm təsir göstərir.
Sonda uşaq hüquqlarının qorunmasının, hər bir uşağa sevgi, diqqət və qayğı ilə yanaşılmasının vacibliyi bir daha diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsində uşaqlar teatrın repertuarında xüsusi yeri olan “Qoğal” tamaşasını izləyiblər. Kiçik tamaşaçıların böyük marağına səbəb olan səhnə əsəri rəngarəng obrazları, maraqlı hadisələr xətti və əyləncəli təqdimatı ilə yadda qalıb.
İmran Kərimli


















