“Kapital Bank”ın bəzi bank əməliyyatları zamanı tətbiq etdiyi komissiyalarla bağlı müştəri narazılığı sosial şəbəkədə gündəm olub. Məlum olub ki, “Kapital Bank” komissiyasız dediyi əməliyyatlarda da müəyyən komissiya tutur.
Tribuna.az xəbər verir ki, bu barədə müştəri Seymur Rzayev “Müştəriyəm şikayətim var” qrupunda paylaşım edib.
Şikayətçinin sözlərinə görə, bankın tətbiqində və ya əməliyyat zamanı “komissiya yoxdur” məlumatı göstərilsə də, əməliyyat başa çatdıqdan sonra dəyişən tariflərə əsasən hesabdan komissiya tutula bilər.
“”Kapital Bank” deyir ki, hər hansı əməliyyat zamanı ‘Komissiya yoxdur’ yazılsa belə, əməliyyat sonrası komissiya çıxa bilər. Bunun həlli üçün internet sayt vasitəsilə məlumat əldə edə bilərik. Yəni hər əməliyyat edəndə sayta girib axtarıb-araşdırıb mövcud tarif vəziyyətini yoxlamaq lazımdır”, – deyə müştəri bildirib.
O, vəziyyəti marketlərdə məhsulun rəfdəki qiyməti ilə kassada çıxan qiymətin fərqli olmasına bənzədib.
Paylaşımda “rəqəmsal assistent”in cavabı da yer alıb. Həmin cavabda əməliyyat zamanı komissiyanın düzgün göstərilməməsinin tətbiq və ya sistemdə texniki uyğunsuzluq, yaxud tariflərin avtomatik yenilənməməsi ilə bağlı ola biləcəyi bildirilib. Həmçinin bəzi hallarda əməliyyat zamanı “komissiya yoxdur” qeydi görünsə də, əməliyyat başa çatdıqdan sonra tarifə uyğun komissiyanın tutulmasının mümkün olduğu qeyd edilib.
Müştəri isə belə olan halda “komissiyasız” kimi göstərilən əməliyyatların nə dərəcədə şəffaf olduğu sualını gündəmə gətirib.
Məsələ ilə bağlı “Kapital Bank”ın mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul











