Filosof alim Könül Bünyadzadənin “Sufi fenomenologiya” kitabı Prezident Kitabxanasına təqdim olundu

Filosof alim Könül Bünyadzadənin “Sufi fenomenologiya” kitabı Prezident Kitabxanasına təqdim olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Kitabxanasında tanınmış filosof alim, AMEA-nın müxbir üzvü, Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi və dinşünaslıq şöbəsinin müdiri Könül Bünyadzadənin “Sufi fenomenologiya” adlı kitabı müzakirə olunub.

Tribuna.az  xəbər verir ki, tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova müəllifin elmi yaradıcılığından bəhs edib.

O qeyd edib ki, “Sufi fenomenologiya” kitabı fəlsəfi fikrimizdə yeni səhifə açıb. “Əsərdə Şərqin zəngin sufi ənənələri ilə Qərb fenomenoloji məktəbinin metodoloji prinsipləri yüksək elmi səviyyədə təhlil olunub. Bu cür elmi-analitik müzakirələr Prezident Kitabxanasının fəaliyyətində ənənəvi xarakter daşıyır. “Sufi fenomenologiya” kitabı geniş tədqiqatçı auditoriyası üçün mühüm resursdur”, – deyə direktor əlavə edib.

Məruzə ilə çıxış edən müəllif Könül Bünyadzadə bildirib ki, kitabın yazılmasında əsas məqsəd Şərqin minillik sufi təfəkkürü ilə Qərbin müasir fenomenoloji metodlarını vahid müstəvidə birləşdirməkdir.

Müzakirələr zamanı rəyçilər – BDU-nun dosenti Qəmər Mürşüdlü, AMEA Əlyazmalar İnstitutunun dosenti Şəhla Məcidova və AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov çıxış edərək, əsərin həm nəzəri, həm də praktiki əhəmiyyətindən söhbət açıblar.

Dəyirmi masada iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, akademik Nərgiz Axundova, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, dosent Eynulla Mədətli, Milli Məclisin deputatı Fazil Mustafa və digər qonaqlar mövzu ətrafında fikir mübadiləsi aparıb, kitabın İslam fəlsəfəsinin müasir metodlarla öyrənilməsi baxımından əvəzsiz mənbə olduğunu deyiblər.

Tədbirdə vurğulanıb ki, əsər dünyanın nüfuzlu “Springer” nəşriyyatı tərəfindən ingilis dilində də işıq üzü görüb. Müəllif kitabın həmin nəşrindən bir nüsxəni Prezident Kitabxanasının fonduna hədiyyə edib.

Həmçinin professor dosentlər Samirə Dadaşova, Fidan Nəsirova, Əməkdar jurnalist Tahir Talıblı və digər elm xadimləri əsərin humanitar elmlər spektrindəki mühüm rolunu yüksək qiymətləndiriblər.