Əməkdar artist Gövhər Rzayeva “Sovetski” ilə bağlı xatirələri ilə diqqət çəkib.
Tribuna.az xəbər verir ki, sənətçi köhnə məhəllələrin insanlar arasında yaratdığı səmimiyyətdən danışaraq həmin günlər üçün darıxdığını bildirib. Rzayeva qeyd edib ki, indiki dövrdə qonşuluq münasibətləri əvvəlki kimi deyil.
Qarmon ifaçısı duyğusal açıqlamasında bunları deyib:
“Hər oradan keçəndə ağlayıram… Heyif deyildi… İndi təzə evlərdə qonşu qonşunu tanımır. Toydan gəlirdim, biri qarmonumu əlimdən alırdı, kömək edirdilər”.
Sənətçinin sözləri sosial şəbəkələrdə də maraqla qarşılanıb. Bir çox istifadəçi köhnə Bakı ab-havasını və “Sovetski”nin unudulmayan illərini xatırladıqlarını yazıb.
Qeyd edək ki, paytaxtın ən məşhur məhəllələrindən biri olan “Sovetski” uzun illər Bakının özünəməxsus həyat tərzi, mehriban qonşuluq münasibətləri və koloritli insanları ilə seçilib.









