Bakı Dövlət Universiteti təkrar ali təhsildə hüquq fakültəsinin qiymətini 5500 manatdan dərhal 7600 manata qaldırıb!
Ay hörmətli rektorluq, hörmətli rəhbərlər, siz orada Harvardın filialını açmısınız, yoxsa bizim xəbərimiz yoxdur? Bir ildə qiyməti 2100 manat birdən-birə qaldırmaq nə deməkdir? Hansı xərcdir bu 7600 manat? Tələbəyə qızıldan parta verirsiniz, yoxsa mühazirələri birbaşa kosmosdan yayımlayırsınız?

Tribuna.az xəbər verir ki, bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli bildirib. O qeyd edib ki, qiymətin bu qədər qaldırılması oxumaq istəyənlərə böyük haqsızlıqdır:
“Gəlin dürüst olaq! Bu ölkədə ikinci təhsil almaq istəyən adam onsuz da işləyən, vuruşan, özünü inkişaf etdirmək istəyən vətəndaşdır. Siz bu qiymətlərlə savadlı, oxumaq istəyən gənclərin yolunu kəsirsiniz! 7600 manat bir illik təhsil haqqı o deməkdir ki, orta statistik azərbaycanlı ailəsi gərək yeməsin, içməsin, bütün qazancını gətirib universitetin kassasına töksün.
Biz deyirik təhsil əlçatan olmalıdır, gənclər elmə yönəlməlidir. Amma universitetlər təhsil ocağından çox, holdinqə, kommersiya müəssisəsinə bənzəməyə başlayıb.
Tələbəyə elm öyrəniləsi gələcək kimi yox, “müştəri” kimi baxmaq təhsilimizin faciəsidir! Bu gənclər 7600 manat verib məzun olandan sonra hansı maaşla o pulu çıxaracaqlar?
Mən tam səmimi soruşuram: Təhsildə bu qədər süni qiymət artımı kimin cibinə xidmət edir? Biz gəncləri elmə təşviq edirik, yoxsa diplomu lüks əşyaya çeviririk?
İndi deyin görüm, bir illik təhsil üçün 7600 manat normaldır, yoxsa bu qiymətlərlə orta təbəqənin oxumaq xəyalları basdırılır?”.
Nigar İxtiyarqızı









