Azərbaycanda adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycanda adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır.

Tribuna.az xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr 2026-cı il saat 15:00-dan başlanılacaq. Vətəndaşlara noyabrın 12-dək elektron kabinetlərini formalaşdırmaq tövsiyə edilir.

✉Vacib xəbərləri ilk sən oxu!Banker.az-ın WhatsApp kanalına qoşul.Qoşul →
Müraciətlər “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən qəbul ediləcək. Vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksiyası vasitəsilə təsdiqləyə biləcəklər.

Bununla yanaşı, sonradan imtina edilmiş müraciətlər hesabına yaranan qalıq limitlər üzrə müraciətlərin qəbulu hər həftənin cümə günü saat 12:00-dan həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda dövlət ipotekası üzrə müraciətlərin ilkin qəbuluna əvvəlki illərdə əsasən fevral ayında başlanılıb. Belə ki, 2024-cü ildə müraciətlər fevralın 2-də, 2025-ci ildə fevralın 6-da, 2026-cı ildə isə martın 5-də açılıb. Noyabrın 13-də başlayacaq müraciət qəbulu isə yeni kreditləşmə mərhələsi deyil, il ərzində adi ipoteka kreditlərinin verilməsinin davam etdirilməsi üçün banklara əlavə limitlərin ayrılması ilə bağlıdır.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında İKZF xətti ilə 370,7 milyon manat ipoteka krediti verilib. Bu, ötən ilin eyni dövründəki 354,4 milyon manatla müqayisədə 16,3 milyon manat və ya 4,6% çoxdur.

Təkcə sentyabr ayında verilən ipoteka kreditlərinin həcmi 107,8 milyon manat təşkil edib. Həmin dövrdə Fondun yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinin həcmi isə ilin ilk doqquz ayı üzrə 289,3 milyon manat olub.

Fondun məlumatına əsasən, 2026-cı ilin ilk yarısında 226,3 milyon manat məbləğində 2 242 ipoteka krediti verilib. Bunun 156,1 milyon manatı adi, 70,2 milyon manatı isə güzəştli ipoteka kreditlərinin payına düşüb.