Çeçenistanda 25 yaşlı qadının qətli ilə bağlı sarsıdıcı iddialar yayılıb.
Tribuna.az xəbər verir ki, Kurçaloi kənd sakini Samradi Muzayevin qızı Zuhra Muzayevanı öldürdüyü ehtimal olunur.
Bildirilir ki, o, öz məzarını qazmağa məcbur edilib və daha sonra güllələnib. Qətlin mümkün səbəbi kimi ailədaxili münaqişə və xəyanət şübhələri göstərilir.
Məlumatlar 2026-cı ilin aprel ayının sonlarında yayılmağa başlayıb. “Novaya Gazeta Europa” jurnalistləri ilə birgə aparılan araşdırma nəticəsində qurbanın Zuhra Muzayeva olduğu ehtimal edilir.
Qeyd olunur ki, Zuhra Muzayeva erkən yaşda ailə qurub, üç uşaq anası olub və sosial şəbəkələrdə kosmetika satışı ilə məşğul idi. Onun həyat yoldaşının hazırda Ukraynada döyüşlərdə iştirak etdiyi bildirilir.
Eyni zamanda, hadisə ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur. Qadının qardaşı Anzor Muzayev mediaya açıqlamasında yayılan iddiaları təkzib edərək bildirib ki, bu məlumatlar dezinformasiyadır və onların yayılmamasını xahiş edib.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən rəsmi açıqlama verilməyib. İddiaların doğruluğu müstəqil şəkildə təsdiqlənməyib və araşdırmaların aparılması zəruridir./ajans.az









