Akademik Musiqili Teatrda “Şahmaran”  tamaşasının premyerası uğurla keçdi-FOTO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası uğurla keçdi-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3 və 4 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının məşhur “Şahmaran” əfsanəsi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası uğurla nümayiş olunub.

Bu barədə Tribuna.az-a teatrdan məlumat verilib.

Səhnə əsərini Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, millət vəkilləri, ictimaiyyət nümayəndələri və teatrsevərlər izləyiblər.

Libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə olan səhnə əsərinin süjet xəttində müdriklik, sevgi və əbədi həyatın rəmzi sayılan Şahmaranın təlatümlərlə dolu dünyaya geri dönüşündən və bəşəriyyəti günahlarına görə mühakimə etməsindən bəhs olunur.

Quruluşçu rəssam Vüsal Rəhim, xormeysterlər Əməkdar artist Vaqif Məstanov və Məlahət Qasımova, işıq üzrə rəssam Rafael Vaqifoğlu, konsertmeyster Fidan Əliyeva, rejissor assistenti Elməddin Dadaşovdur. Səhnə əsərinin plastik həlli  Xalq artisti Pərviz Məmmədrzayev və Zaur Əliyevə aiddir.

Tamaşada Xalq artisti Pərviz Məmmədrzayev (Zalım), Aydan Həsənova (Şahmaran), Əmrah Dadaşov (Tələbə), Səmədzadə Xasiyev (Loğman), Hüseyn Əlili (Qara), Murad Fərzəliyev (Boz), eyni zamanda teatrın xor və balet truppaları iştirak edir.

Rok-müzikl janrında hazırlanan tamaşada səsləndirilən mahnıların sözləri Şərqin mütəfəkkir şairi Ömər Xəyyamın rübailəridir.

Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşanın ilk nümayiş axşamında mötəbər qonaqlar səhnəyə çıxaraq yaradıcı kollektivi təbrik ediblər. Xatirə şəkilləri çəkdirilib.