Bahar aylarında insanların sevgiyə olan meylinin artması sadəcə romantik duyğularla deyil, orqanizmdə baş verən bioloji dəyişikliklərlə bağlıdır.
Tribuna.az xəbər verir ki,bunu klinik psixoloq Ulyana Maxova bildirib. O deyib ki, günlərin uzanması və günəş işığının artması hormonlarımıza birbaşa təsir edərək münasibət qurmaq istəyini gücləndirir.
“Parlaq işıq beyindəki “bioloji saatı” hərəkətə gətirir. Nəticədə yuxu hormonu olan melatoninin səviyyəsi düşür, xoşbəxtlik hormonu sayılan serotonin isə artır. Bu proses insana əlavə enerji verir, əhval-ruhiyyəni və cinsi istəyi (libido) yüksəldir. Həkimin sözlərinə görə işıq təkcə əhvalı deyil, həm də sosial əlaqələrə olan motivasiyanı artırır ki, bu da insanları yeni tərəfdaş axtarışına sövq edir”.
Maraqlıdır ki, bahar ayları həm də münasibətlərin ən çox bitdiyi dövrlərdən biri hesab olunur. Sosial şəbəkə analizləri göstərir ki, mart və aprel aylarında ayrılıqların sayı kəskin artır. Psixoloqlar bunu “bayram effektinin bitməsi” ilə əlaqələndirirlər. Qış aylarında rahatlıq naminə münasibəti davam etdirən cütlüklər bahar gəldikdə və daxili enerjiləri artdıqda artıq mövcud məhdudiyyətlərlə barışmaq istəmirlər. Bahar münasibətləri pozmur, sadəcə qış yuxusu dövründə gizli qalan problemləri üzə çıxarır.
Ulyana qeyd edir ki, sağlam münasibəti olan cütlüklər bahar enerjisindən faydalana bilərlər. Yenilik axtarışını kənarda deyil, cütlük daxilində reallaşdırmaq münasibətləri təravətləndirir. Birlikdə yeni hobilər tapmaq, səyahət etmək və ya sadəcə hisslər barədə açıq söhbət etmək əlaqəni daha da gücləndirir.
Yəni, baharda günəşin çıxması bədənimizdəki xoşbəxtlik hormonlarını artırır, bu da bizi həm daha həvəsli, həm də münasibətlərimizdəki problemlərə qarşı daha həssas edir.
demokrat.az









