Fermerlərə vergi “sürprizi”: 2027-ci ildə nə qədər ödəyəcəklər? DETALLAR

Fermerlərə vergi “sürprizi”: 2027-ci ildə nə qədər ödəyəcəklər? DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hökumət əhaliyə “sürprizlərlə” dolu 2027-ci il hazırlayır, bəzi vergilər, rüsumlar, cərimələr yenə artır.

Tribuna.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib. O qeyd edib ki, ən diqqət çəkən aqrar sektorla bağlı olan yeni qərardır:

“Kənd Təsərrüfatında uzun illər qüvvədə olan tam vergi azadolması ləğv edilir və 2027-ci il yanvarın 1-dən 5 il müddətinə (2032-ci ilədək) 90%-lik güzəşt mexanizmi ilə əvəz olunur. Yəni fermerlərin və aqrar istehsalçıların gəlir və mənfəətinin 90%-i vergidən azad qalacaq, yalnız 10%-i ümumi qaydada vergiyə cəlb ediləcək – tərcüməsi, fermer, məsələn, 100 manat qazanıbsa, onun 10 manatından vergi verəcək.

Bəli, vergi yükü azdır, amma niyə bu güzəştlər ləğv edilməli, belə qəliz mexanizm tədbiq edilməlidir ki?! 2027-ci ildə bu qayda tədbiq edilərsə, büdcəyə ƏLAVƏ cəmi 13 milyon manat vəsait daxil olacaq – bu vergi deyil axı, dilənçilikdir.

Cəmi 13 mln. manata görə yüzminlərlə fermeri, niyə işə salırsınız ki?! Bu yazıq fermer onsuz da boğulur, indi də bütün bu qəliz sxemlə yığılacaq qəpik-quruşu hesablamaq, vaxtında vergisini ödəmək üçün mühasibmi tutsun, ona maaşmı versin?! Maaşla da olmur axı, gərək əmək müqaviləsi bağlasın, DSMF-yə ödəniş etsin – niyə bu zülmə məruz qoyursunuz ki, kəndlini?!

Zatən kəndlərda adam qoymamısız, hamı qaçır, gəlir Abşerona, onların işini asanlaşdırmaqdansa, niyə qəlizləşdirirsiniz ki?! Nə verəcək sizə 13 mln. manat?! Hər fermerə ildə 40 manat vergi düşür, o 40 manat ildə vergi ödəməsi üçün, AYDA maaş verib mühasib tutlamıdır?! Bir az düşünün də nə olar axı!”.

İqtisadçı əlavə edib ki, onsuz da kənd təsərrüfatında qərar verənlər ömürlərində camış görməyənlər, camışa “əjdaha” deyənlərdir:

“Onların yanaşması kəndlini son illər boğaza yığır, indi də iqtisadiyyat nazirliyi vergi “müjdəsi” ilə qapılarını döyür”.

Gülşən Rəsul