Banqkokdan Londona – Dünyanın ən gözəl şəhər küçələri açıqlandı

Banqkokdan Londona – Dünyanın ən gözəl şəhər küçələri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən maraqlı şəhər küçələrinin reytinqi açıqlanıb. Siyahıda tarixi məkanlar, küçə kafeləri, restoranlar, mağazalar, gecə həyatı və yerli icmaların yaratdığı xüsusi atmosferi ilə seçilən 28 küçə yer alıb.

Tribuna.az  xarici KİV-ə istinadən xəbər verir ki, reytinqi beynəlxalq səyahət və şəhər həyatı nəşri “Time Out” hazırlayıb.

Siyahının birinci pilləsində Tailandın paytaxtı Banqkokda yerləşən Song Wat Road küçəsi qərarlaşıb. Vaxtilə şəhərin Çin məhəlləsinin əsas ticarət mərkəzlərindən biri olan bu küçə hazırda yaradıcı məkanları, müstəqil qalereyaları, dizayner mağazaları, xüsusi qəhvəxanaları və restoranları ilə tanınır.

İkinci yeri Londonun Golborne Road küçəsi tutub. Burada Portuqaliya, Mərakeş və Yaxın Şərq mətbəxini təklif edən restoranlar, vintage geyim mağazaları, barlar və musiqi məkanları fəaliyyət göstərir. Küçə həmçinin məşhurların və moda həvəskarlarının diqqətini çəkir.

Üçüncü pillədə isə Argentinanın paytaxtı Buenos-Ayresdəki Fernández de Enciso küçəsi qərarlaşıb. Piyada zonası olan bu küçə restoranları, açıq hava kafeləri, tarixi ticarət qalereyası və müxtəlif ictimai tədbirləri ilə seçilir.

“Time Out” reytinqi hazırlayarkən küçələrdəki restoran və kafeləri, mağazaları, gecə həyatını, yerli icmaların fəallığını, küçə atmosferini və özünəməxsus biznesləri qiymətləndirib.

Nəşrin fikrincə, ən maraqlı küçələr yalnız alış-veriş və əyləncə məkanları deyil, həm də şəhərin yerli həyatını, mədəniyyətini və xarakterini əks etdirən ictimai məkanlardır.

Reytinq ümumilikdə dünyanın 28 küçəsini əhatə edir.

İmran Kərimli