Kreditə görə anama zəng edib psixoloji təzyiq yaradırlar – “Kapital Bank”dan şikayət

Kreditə görə anama zəng edib psixoloji təzyiq yaradırlar – “Kapital Bank”dan şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kapital Bank” ASC-nin müştərisi Anar Kərimli bankın kredit borcuna görə onun ailə üzvləri ilə əlaqə saxlamasından şikayətçidir.

Tribuna.az xəbər verir ki, bu barədə bankın müştərisi Anar Kərimli sosial şəbəkədə paylaşım edib.

Anar Kərimlinin sözlərinə görə, əmək müqaviləsinə xitam verildikdən sonra kreditlərinin restrukturizasiyası üçün Kapital Banka rəsmi müraciət ünvanlayıb. Lakin bank onunla birbaşa əlaqə saxlayaraq mümkün həll yollarını müzakirə etmək əvəzinə anasına zəng edib.

Şikayətçi bildirib ki, bank əməkdaşları anasına zəng edərək oğlunun banka yaxınlaşmasını istəyiblər.

“Özümə zəng edib şərtləri müzakirə etməkdən qaçırlar, amma ailə üzvlərimə zəng edərək psixoloji təzyiq göstərməyə çalışırlar”, – deyə o qeyd edib.

Anar Kərimli bildirib ki, Birbank Taksit üzrə 150 manat, Birbank Star üzrə isə 70 manat olmaqla, ümumilikdə 220 manat ödənişi gecikib. Gecikməyə görə hesablanan əlavə faizlərlə birlikdə ödənilməli məbləğ 226,23 manata çatıb. Kredit ödənişləri üzrə gecikmə müddəti 7 gündür.

Şikayətçi bankın onunla birbaşa danışıqlar aparmadan ailə üzvlərinə müraciət etməsinin hansı qaydalara əsaslandığını da sual edib.

“Bankın məqsədi problemi həll etməkdir, yoxsa ailə üzvlərini narahat edərək psixoloji təzyiq göstərmək?” – deyə Anar Kərimli bildirib.

Məsələ ilə bağlı “Kapital Bank” hələlik heç bir reaksiya verməyib./Plat.az