ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərində görüşüblər. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutub.
Tribuna.az xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
Agentliyin məlumatına görə, iki lider arasında ayrıca görüş təxminən 40 dəqiqə davam edib. Bundan əvvəl Tramp və Putin Çin Prezidenti Si Cinpinlə üçtərəfli danışıqlarda iştirak ediblər.
Görüşlərin əsas gündəliyində nüvə silahlarına nəzarət, Rusiya-Ukrayna müharibəsi və İran ətrafında yaranmış vəziyyət kimi beynəlxalq məsələlər yer alıb.
Donald Tramp üç ölkə liderinin görüşünü nüvə silahlarının məhdudlaşdırılması və beynəlxalq münaqişələrin müzakirəsi baxımından mühüm fürsət kimi təqdim edib.
Bununla belə, analitiklər bir görüşdən ciddi siyasi razılaşmalar əldə olunmasını gözləməyin real olmadığını bildirirlər.
Qeyd edək ki, Putin və Tramp sonuncu dəfə 2025-ci ilin avqustunda Alyaskada görüşmüşdülər. Həmin danışıqlar Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı konkret razılaşma ilə nəticələnməmişdi.
İmran Kərimli









