Tribunanın 17-ci anı…

Tribunanın 17-ci anı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

17 il əvvəl Azərbaycanda nə Tik-Tok, nə Youtube, nə elektron media inkişafı var idi. Heç bəlkə ağlımıza da gəlməzdi ki, 17 il sonra dünyada sosial və elektron media bu səviyyəyə çatacaq. Məhz biz həmin dövrdə, ölkədə az sayda xəbər portalının olduğu vaxtda bir İLK olduq – TRİBUNA yarandı.

Bu gün o tarixdən 17 il ötür – payızın 17 anı kimi…

Bu həmin dövr idi ki, Qarabağ məsələsi böyük diplomatik masaların əsas mövzularından biri idi. Bu həmin dövr idi ki, Qarabağın azadlığı ilə bağlı ümidlər az qala tükənirdi. Bu o dövr idi ki, ölkədə elektron medianın vəziyyəti fərqli idi. Və biz inandıq, inandıq ki, Tribuna.az-ı qurmaqla elektron qəzet, yəni sayt yaratmaq olar.

Artıq 17 ildir ki, ayaqlarımız üstündə dayanmağa, diz çökməməyə çalışırıq – məhdud imkanlarla.

Tribuna.az 2009-cu ildə gərgin proseslər dövründə doğulub, yəni sancılı, ağrılı zamanlardan keçib. Bu gün rəhbəri olduğum üçün demirəm, həqiqətən Tribuna adına deyə bilərəm ki, ilk yaranan saytlardan biri kimi dəstək almağa, inkişaf etməyə, daha böyük imkanlara sahib olmağa, böyük kollektivlə fəaliyyət göstərməyə layiqdir. Biz bunu haqq edirik – zəhmətimiz, peşəkarlığımız, məhdud maliyyə resurslarımızla…

O vaxt biz yalnız yeni bir media platforması yaratmırdıq. Əslində, Azərbaycanın ən mühüm siyasi proseslərindən birinin getdiyi bir dövrün xəbər yaddaşını formalaşdırmağa başlayırdıq.

O günlərdə Tribuna-da yazılan hər xəbər, hər açıqlama, hər görüş, hər diplomatik mesaj sabahın tarixində bir izə çevriləcəyindən xəbərsiz yazılırdı.

17 il keçdi.

Madrid prinsipləri tarixə çevrildi. Qarabağla bağlı illərlə davam edən danışıqların yerini müharibə, Zəfər, ərazi bütövlüyünün bərpası və yeni siyasi reallıqlar aldı. O illərin bir çox siyasi simaları, bəyanatları və hadisələri isə bu gün artıq tarix kitablarının mövzusudur.

Tribuna.az isə həmin 17 ilin yalnız kənardan seyrçisi olmadı. O tarixin içindən keçdi, onu izlədi, yazdı və öz səhifələrində qorudu.

Çünki media yalnız gündəmi xəbər vermir.
Media zamanın yaddaşını yaradır.

Bu gün 17-ci payızımızdır.

17 il əvvəl yazdığımız xəbərlərin bir qismi artıq tarixdir. Amma tarix bitmir. Yeni səhifələr açılır və Tribuna yenə həmin səhifələrin kənarında deyil, içindədir.

Payızın 17-ci anı…
Tribuna.az — 17 yaşında.

Əlişir Əhəd

Tribuna.Az-ın baş redaktoru