Çin dronları məhv etmək üçün yeni tankını nümayiş etdirəcək

Çin dronları məhv etmək üçün yeni tankını nümayiş etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin dron hücumlarına qarşı müdafiə imkanları gücləndirilmiş yeni tankını təqdim etməyə hazırlaşır.

Tribuna.az xəbər verir ki, “South China Morning Post” nəşrinin məlumatına görə, VT-4B əsas döyüş tankının təkmilləşdirilmiş versiyası 30 millimetrlik məsafədən idarə olunan top və dam hissəsində yerləşdirilmiş kompakt radar sistemi ilə təchiz olunub.

Yeni radarın əsas funksiyası pilotsuz uçuş aparatlarını (PUA) aşkarlamaq və onların koordinatlarını müəyyən etməkdir. Sistem topun atəş idarəetmə mexanizminə hədəf barədə məlumat ötürə bilər. Digər ehtimala görə, radar mikrodalğalı emitter funksiyasını da yerinə yetirə bilər.

Tankın 30 millimetrlik topu proqramlaşdırıla bilən sursatlardan istifadə edir. Bu texnologiya xüsusilə kiçik ölçülü və aşağı hündürlükdə uçan dronlarla mübarizədə effektiv vasitə hesab olunur.

Müasir müharibələrdə pilotsuz uçuş aparatlarının yaratdığı təhlükənin artması zirehli texnikanın da yenilənməsini zəruri edir. Çin yeni tank vasitəsilə bu istiqamətdə müdafiə imkanlarını genişləndirməyi hədəfləyir.

Yeni VT-4B versiyasının Çində keçiriləcək 16-cı Çin aviaşousunda nümayiş etdirilməsi planlaşdırılır.