ABŞ və İsrailin İrana hücumundan sonra Tehranın əlindəki əsas “silahı” olan Hörmüz boğazını bağlaması ciddi problemə səbəb olub.
Tribuna.az xəbər verir ki, bu addımddan sonra dünya neft bazarında dalğalanmalar başlayıb.
Hazırda Brent markalı neftin bir barreli müştərilərə 103 dollara təklif edilir. Buna səbəb də, dünya neftinin 20 faizinin məhz bu boğazdan daşınmasıdır. Elə böhran da buradan qaynaqlanır.
ABŞ prezidenti Donald Tramp Hörmüzün açılması üçün nüttəfiqlərinə, hətta Çinə belə müraciət edib. Onlardan dəstək istəyib. Lakin Britaniya, Almaniya və Fransadan gələn cavablar onun qəzəbinə səbəb olub. Belə ki, Almaniya “Bu müharibə bizim deyil. Yardım edilməyəcək” açıqlaması verib. Britaniya və Fransa isə məsələni danışıqlar yolu ilə həll edəcəyini vurğulayıb.
Tramp niyə tək qaldı? Əslində, ABŞ prezidentinin təklənməsi onun indiyə qədər apardığı siyasətin nəticəsidir. Ukrayna məsələsində ikibaşlı oyunu, Avropaya lazım olan dəstəyi verməməsi İranda onun problemlə üzləşəcəyini deməyə əsas verirdi. Bundan başqa, “tarifləri artırmaq” hədəsinin də prosesə təsiri var.
Bu hadisələrin nəyə gətirib çıxaracağını indidən proqnozlaşdırmaq mümkün deyil. Lakin NATO-nun aqibətinin yaxşı olmayacağı düşüncələri var. Artıq Tramp da bu mövzunu dilə gətirib və bəyan edib ki, hərbi ittifaqı pis aqibət gözləyir.
Digər tərəfdən Britaniya və Fransanın geri çəkilməsində qəribə bir hal yoxdur. Fransa İrandakı islam inqilabının “beşiyi” sayılır. Çünki Ruhullah Xomeyni məhz Fransada mühacirət həyatı yaşayıb, oradan da Tehrana gəlib.
Britaniya isə üzdə molla rejiminin düşməni kimi görünsə də, arxa planda həmişə onun dəstəkçisi olub. Elə bu səbəbdəndir ki, “İngiltərəyə ölüm olsun” şüarları səsləndirən İrandakı teokratik rejim, BP-yə neft hasil etmək imkanı tanıyıb. Bundan başqa, “Statoil”ə istismar üçün bir neçə iri neft və qaz yatağı verib.
Fərda Uğur









