Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi quru yolu hərəkət vasitələrinin ayrı-ayrı tez sıradan çıxan hissələri və təmiri ilə bağlı tenderə yekun vurub.
Tribuna.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi “Araz-Motors” şirkəti seçilib. Qurumla şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 209 909,73 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən 20 fevral 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 535 020 manatdır. Hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, “Azərboru” İstehsalat Birliyinin ərazisində yerləşir. Şirkətin qanuni təmsilçisi Əliyev İlqar Elxan oğludur.
İlqar Əliyev haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
“Araz-Motors” MMC-nin internet saytında yerləşdirilən məlumatdan aydın olur ki, şirkət 1996-cı ildə yaradılıb. “Araz-Motors” MMC “Volkswagen”, “Mercedes Benz”, “BMW”, “Audi”, “Seat”, “Skoda”, “Porsche”, “Opel”, “Land Rover”, yapon və Koreya qrupu avtomobillər üçün orijinal və avto market ehtiyat hissələri tədarük edir və onları ölkə daxilində satışını həyata keçirir.









