Dövlət Turizm Agentliyi (DTA) yeni tenderlərinin nəticəsini açıqlayıb.
Tribuna.az xəbər verir ki, dövlət qurumu bu dəfə qalib kimi, başqa şirkəti elan edib.
Qeyd edək ki, Agentlik eyni gündə üç tender keçirib. Hər üç tenderin qalibi isə eyni şirkət olub.
Məlumatda qeyd edilir ki, DTA İspaniya, İtaliya və Fransadan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərini həyata keçirəcək. “VEGA TRAVEL MANAGEMENT” MMC ilə bağlanılan birinci müqavilənin dəyəri 203 min 521 manat təşkil edir.
Polşa, Çexiya, Macarıstan və Yunanıstandan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətləri isə ikinci tenderdir. “VEGA TRAVEL MANAGEMENT” MMC bununla əlaqədar DTA-dan 190 min 238 manat ödəniş alacaq.
DTA-nın eyni gündə keçirdiyi üçüncü tender isə Böyük Britaniya və İrlandiyadan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınmasını əhatə edib. Yenə də tenderin qalibi “VEGA TRAVEL MANAGEMENT” MMC olub. Tərəflər bu məsələdə 68 min 899 manata anlaşıblar.
Qeyd edək ki, DTA son iki ayda əsasən “Vata” MMC ilə bu işləri görürdü. Hətta bu əməkdaşlıq 6-dan çox tenderin sözügedən şirkətə verilməsi ilə nəticələnmişdi. Görünür Agentlik müzakirə olunan bu məsələnin üzərindən keçmək üçün “əl dəyişddirmək” qərarına gəlib. Elə ona görə də, “Vega” şirkətinə iki tender “hədiyyə” edib.
Fərda Uğur









