Mən bu gün Azərbaycanda həkimlərə qarşı münasibəti adekvat hesab etmirəm. Dünyanın hər yerində həkimə tənqidi rəylər ola bilər. Bu tənqid müəllimə qarşı da var, başqa peşə sahiblərinə qarşı da. Bizim cəmiyyətdə həkimə deyil, səhiyyə sisteminə güvən yoxdur. Həkimə olan aqressiyanın səbəbi də ədalətli olmayan səhiyyə sistemidir.
Bu sözləri Tribuna.az-a tibb üzrə professor Adil Qeybulla vətəndaşla həkim arasında yaranmış aqressiyanın səbəbləri barədə danışarkən deyib. Professor bildirib ki, bu gün təbabətin xərcləri insanların maaşından xeyli fəqlidir:
“İnsanlar az maaş alır, amma tibbi xərclər bahadır və bu da həkimə münasibəti şərtləndirir. Xəstə əlindəki pulla müalicə oluna, sağala, dərdinə dərman tapa bilmir və aqressivləşir. Bu da həkimə olan aqressiyanı, nifrəti artırır. Ancaq cəmiyyəti bu vəziyyətə ədalətli olmayan səhiyyə sistemi salıb.
Onkoloji xəstələrə 60 milyon civarında vəsait ayrılır və 70.000 civarında ankoloji xəstə var. Hər xəstəyə 800 manat civarında vəsait düşür. 800 manatla ankoloji xəstəni necə müalicə etmək olar? Buna diqqət etmək lazımdır. Səhiyyə sistemi həkimi vətəndaşa düşmən etməməlidir. Elə bir ortaq məxrəc tapmalıyıq ki, vətəndaş, xəstə əziyyət çəkməsin. Həmçinin də həkim əziyyət çəkməsin”.
A.Qeybullanın fikrincə, səhiyyədə mənasız strukturlar yaratmaqdansa, ayrılan vəsait xəstələrə xərclənsin:
“Partlayışda dünyasını dəyişən həkimi şəxsən tanımır. Ancaq gəlib o səviyyəyə çatmaq, yetişmək üçün xeyli zaman lazım olub. Həkim olmaq asan bir proses deyil. İllərlə əziyyətlər çəkilir, oxuyursan, təhsil alırsan, təcrübələr keçirsən və bunlar sənin illərini alır. Bir həkim olmaq üçün 1-2 il təhsil kifayət etmir. İllərlə oxumaq, illərlə təcrübə qazanmaq lazım olur. Dünyasını dəyişən həkim uşaq radioloqu olub. O və onun kimi həkimlər daim şüa altında işləyirlər. Şüanın bir başa altında olurlar. Həkimə münasibətdə xəstələr də bunları nəzərə almalıdır.
Bu gün cəmiyyətdə həlkimə olan aqressiyanın səbəbi səhiyyə sistemidir. Səhiyyəmiz həkimlə xəstəni bir-birinə düşmən edib, onları üz-üzə qoyub. Məhz buna görə bu gün həkimlər xaricə axın edir və orada işləməyə üstünlük verib, geri qayıtmırlar. Bu axı bizim xeyrimizə deyil.
Mən nə vətəndaşı, nə də həkimi günahlandıra bilmərəm. İşin təşkilində problemlər var. Səhiyyədə vahid rəhbərlik yaradılmalıdır. Büdcədən ayrılan vəsait nədirsə o vəsait civarında çalışmaq lazımdır. O vəsaitin vətəndaşa optimal xərclənməsi təmin edilməli və buna nəzarət edilməldir. Səhiyyədə mənasız strukturları yaratmağa ehtiyac yoxudur. Maksimum çalışmaq lazımdır ki, büdcədən ayrılan vəsaitin vətəndaşın xeyrinə, onun sağlamlığına xərclənsin. Belə olduğu təqdirdə vətəndaş nə həkimə düşmən olacaq, nə də səhiyyə sisteminə aqressiyalı”.
Nigar İxtiyarqızı









