Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mayın 6-da ölkənin aparıcı iqtisadi ekspertləri ilə növbəti görüşünü keçirib. Görüşdə makroiqtisadi sabitlik və maliyyə bazarlarındakı cari vəziyyət ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı ölkədəki mövcud monetar şərait, inflyasiya prosesləri və maliyyə sabitliyinin qorunması istiqamətində atılan addımlar diqqət mərkəzində olub. Mərkəzi Bank sədri bu növ formatlı görüşlərin ictimaiyyətin məlumatlılıq səviyyəsinin artırılmasında və peşəkar dialoqun gücləndirilməsində xüsusi rol oynadığını vurğulayıb.
Tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyəti sədrinin müşaviri Asif İbrahimov da iştirak edib.
A.İbrahimov açıqlamasında bildirib ki, iqtisadi platformada şəffaflığın təmin edilməsi istiqamətindəki təşəbbüslərinə görə AMB sədrinə təşəkkürünü bildirib.
O, həmçinin Mərkəzi Bankın dəstəyi ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) və AQC arasında formalaşan yeni əməkdaşlıq müstəvisinə toxunub. Asif İbrahimov bildirib ki, bu yaxınlarda hər iki qurum arasında keçirilən işgüzar görüşdə Milli Qiymətləndirmə Standartlarının təkmilləşdirilməsi və bank sektorunda girov əmlakların qiymətləndirilməsi prosesində vahid yanaşmaların tətbiqi məsələləri əsas müzakirə mövzusu olub.
AQC rəsmisi vurğulayıb ki, ABA ilə aparılan müzakirələrdə bank-maliyyə sektoru üçün kritik əhəmiyyət kəsb edən qiymətləndirmə hesabatlarının keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara (IVS) uyğunlaşdırılmış milli sənədlərin tətbiqi əsas prioritetdir:
“Mərkəzi Bankın təşəbbüsü ilə ABA və AQC arasında yaradılan bu dialoq, ölkəmizdə qiymətləndirmə bazarının təkmilləşdirilməsinə və bankların bu xidmətlərə olan etimadının artmasına birbaşa xidmət edir. Milli qiymətləndirmə standartlarının qəbulu prosesində bank sektorunun rəy və təkliflərinin nəzərə alınması iqtisadi ekosistem üçün mühüm töhfədir.”









