ABŞ İrana 48 saat vaxt verib: Müharibə riski nə qədərdir?

ABŞ İrana 48 saat vaxt verib: Müharibə riski nə qədərdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-İran danışıqları yeni müstəviyə keçə bilər.

Tribuna.az xəbər verir ki, tərəflər ortaq məxrəcə gəlmək üçün artıq bir birilərinə təkliflərini göndərib.

İlkin məlumat budur ki, ABŞ İrana 14 maddəlik bir təkliflər paketi təqdim edib. Pakistan üzərindən göndərilən təkliflərin konkret olaraq nədən ibarət olması barədə məlumat yoxdur. Yalnız bilinən bir neçə məqam var.

Birincisi, İran təklifləri aldığını və onları müzakirə etdiyini bəyan edib. Elə  ABŞ da analoji vəziyyətdə olduğunu açıqlayıb.

İkinci hal isə ABŞ prezidenti Donald Trampın Tehrana 48 saat vaxt verməsidir. Bununla bağlı açıqlamasında Vaşinqton rəhbəri bildirib ki, əks təqdirdə, İran indiyədək görmədiyi hücumla üzləşəcək. “Əgər İran razılaşmasa, bombardman daha böyük intensivliklə başlayacaq”.

“Axios” nəşri isə yazıb ki, ABŞ və İranla müharibəyə son qoymaq üçün bir səhifəlik sənəd üzərindən razılığa gələ bilərlər. “Tərəflər bir səhifəlik müqavilə sənədini razılaşdırıblar. ABŞ Tehranın növbəti 48 saat ərzində bir neçə əsas məqama cavab verməsini gözləyir”.

Həmin məlumatlara görə, saziş layihəsinə İranın sanksiyaların qaldırılması və milyardlarla dollarlıq dondurulmuş aktivlərin azad edilməsi müqabilində zənginləşdirməni dayandırmaq öhdəliyi daxildir. İki mənbəyə görə, bu danışıqlar İslamabadda və ya Cenevrədə keçirilə bilər.

Bu əsnada “Əl-Məyadin” TV xəbər yayıb ki, İran ABŞ-a  şərtlərini irəli sürüb. Bu şərtlər arasında bütün cəbhələrdə atəşkəsin təmin edilməsi də var”.

Bütün bunların fonunda müharibə riski aradan qalxmayıb. Hər iki tərəf əli tətikdə gözləyir. 48 saatdan sonra nələrin baş verəcəyini isə bilən yoxdur. Lakin görünən odur ki, ABŞ İranın üzərinə bir dəfə də getməli olacaq. Bu da onunla bağlıdır ki, Tehran bir sıra məsələlərdə sərt mövqedədir və Ağ Ev bunu qəbullanmaq fikrində deyil.

Fərda Uğur