Xəzərin sahilboyu ərazilərinin idarə edilməsi Əmlak Xidmətinə həvalə olundu (FƏRMAN)

Xəzərin sahilboyu ərazilərinin idarə edilməsi Əmlak Xidmətinə həvalə olundu (FƏRMAN)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Tribuna.az xəbər verir ki, sənəd dövlət başçısının rəsmi internet saytında dərc olunub.

Fərmana əsasən, Xəzərin Azərbaycan sahillərində torpaqların idarə olunması, istifadəsi və mühafizəsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.

Yeni qərar çərçivəsində sahilboyu ərazilərdə fəaliyyət göstərən dövlət qurumlarının idarəetmə və nəzarət funksiyalarının əlaqələndirilməsi də həmin xidmət tərəfindən həyata keçiriləcək. Bu məqsədlə qurumun işçilərinin say həddi 40 ştat vahidi artırılıb.

Fərmana görə, Nazirlər Kabineti altı ay ərzində sahilboyu ərazilərin xüsusi statuslu ərazi kimi müəyyənləşdirilməsi, zonalara bölünməsi və hüquqi rejiminin formalaşdırılması ilə bağlı təkliflər hazırlamalıdır. Həmçinin ətraf mühitin mühafizəsi, turizm, rekreasiya və iqtisadi fəaliyyət sahələrində vahid idarəetmə mexanizminin yaradılması nəzərdə tutulur.

Bundan başqa, torpaqların qanunsuz zəbt edilməsinin qarşısının alınması, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, bu sahədə inzibati və cinayət məsuliyyəti tədbirlərinin sərtləşdirilməsi ilə bağlı qanunvericilik təklifləri hazırlanacaq.

Nazirlər Kabinetinə altı ay müddətində Xəzərin Azərbaycan bölməsində suyun quru ilə təmas xəttinin mövcud vəziyyətini, sahilboyu ərazilərin sərhədlərini və ölçülərini müəyyənləşdirmək, onların kağız və rəqəmsal xəritələrini təsdiqləmək tapşırılıb.

İqtisadiyyat Nazirliyi isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Coğrafi İnformasiya Sistemləri əsasında aktual xəritələrin və məlumatların saxlanılmasını təmin edən informasiya sisteminin yaradılması ilə bağlı təkliflərini təqdim etməlidir.

Fərmanda sahilboyu torpaqların istifadəyə və icarəyə verilməsinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən elektron hökumət sistemi üzərindən “bir pəncərə” prinsipi ilə həyata keçirilməsi də nəzərdə tutulub.

Eyni zamanda, ərazilərdə monitorinqlərin aparılması, müşahidə sistemlərinin qurulması, qanunsuz tikililərin sökülməsi, abadlıq və sanitar təmizlik işlərinin görülməsi üçün maliyyə vəsaitinin ayrılması məsələsi də gündəmə gətirilib.

İqtisadiyyat Nazirliyi sahilboyu ərazilərdə görülən işlər barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir.