Sağlam münasibətlərin əsas prinsiplərindən biri özünə və qarşı tərəfə hörmətdir.
Partnerlər arasında sağlam bağ yalnız o zaman yaranır ki, insanlar çətin suallara səmimi cavab verməyə, sərhədlər müəyyən etməyə və bir-birinə hörmətlə yanaşmağa hazır olsunlar.
Tribuna.az Your Tango-ya istinadən yazır ki, stabil münasibətlər romantik cütlüklərdə olduğu kimi, dostluq, ortaq əməkdaşlıq və ya iş münasibətlərində də eyni dərəcədə vacib olan üç əsas prinsip üzərində qurulur. Bu prinsiplər xarakter fərqlərinə baxmayaraq münasibətləri dağılmaqdan qoruyan təməl rolunu oynayır.
1. Ortaq dəyərlər
İnsanlar xarakter, peşə, düşüncə tərzi və həyat tərzinə görə bir-birindən kəskin fərqlənsələr belə, münasibətlərin istiqamətini müəyyən edən məhz ortaq həyat dəyərləridir. Bu dəyərlərə bir-birini anlamağa çalışmaq, dinləmə bacarığı, yeni biliklərə açıq olmaq, həm daxili, həm də xarici sabitliyi qorumaq, çətinlikləri qəbul etmək və irəli getmək istəyi daxildir.
Personality and Individual Differences jurnalında dərc olunan tədqiqat göstərir ki, insanlar sosial-mədəni baxışları, mənəvi prinsipləri, həyat tərzini və prioritetləri paylaşan şəxslərlə daha asan uyğunluq qururlar. Ortaq dəyərlər bir növ kompas rolunu oynayaraq tərəflərin fərqli xarakterlərinə baxmayaraq eyni istiqamətdə irəliləməsinə imkan yaradır.
2. Hörmət və sağlam sərhədlər
Hər bir münasibətin dayanıqlı ola bilməsi üçün tərəflər bir-birinin fərqliliyinə, hüdudlarına və şəxsi məkanına hörmət etməlidirlər. Hörmət yalnız qarşı tərəfin fikrini dinləmək deyil, həm də onun hisslərini, ehtiyaclarını və qərarlarını qəbul etmək deməkdir.
Mütəxəssislər qeyd edir ki, sərhədlər müəyyən edilmədikdə münasibətlərdə gərginlik, manipulyasiya və emosional yüklənmə yaranır. Sağlam sərhədlər isə tərəflərə həm özlərini ifadə etmək, həm də münasibətdə güvən və sabitlik yaratmaq imkanı verir.
Hörmət iki tərəfin də özünü rahat, təhlükəsiz və dəyərli hiss etməsinə şərait yaradan əsas mexanizmdir. Bu, münasibətləri uzunmüddətli edən amillərdən biridir.
3. Açıq və dürüst ünsiyyət
Sağlam münasibətlərin üçüncü dayağı – açıq, şəffaf və dürüst ünsiyyətdir. Bu, həm gündəlik mövzular, həm də çətin emosional məsələlər barədə danışmaq bacarığını əhatə edir.
Psixoloqlar bildirirlər ki, tərəflər hisslərini, narahatlıqlarını və fikirlərini gizlətdikdə problem zamanla böyüyür və mübahisələrə səbəb olur. Əksinə, açıq dialoq münasibətləri gücləndirir, tərəflər arasında anlayışı artırır və hətta ən çətin situasiyaların belə konstruktiv həllinə imkan yaradır.
Açıq ünsiyyət həm də empatiya yaradır — insanlar bir-birini daha yaxşı başa düşür, həm münasibəti, həm qarşı tərəfi daha sağlam şəkildə qəbul edir.
Bu üç prinsip — ortaqlı dəyərlər, qarşılıqlı hörmət və açıq ünsiyyət — münasibətlərin uzunömürlü və sağlam qalması üçün əsasdır. Fərqli xarakterlər, fərqli həyat tərzləri və fərqli təcrübələr olsa belə, məhz bu baza münasibətləri dağılmaqdan qoruyan dayaq nöqtəsidir.
İmran Kərimli









