Tribuna.az xəbər verir ki, Avropada Rusiyaya qarşı mümkün cavab tədbirləri çərçivəsində kiberhücumlardan istifadə edilməsi təklifləri müzakirəyə çıxarılıb.
“The New York Times” qəzetinin yazdığına görə, bəzi analitiklər Rusiyanın hibrid hücumlarına cavab olaraq ölkənin şəhərlərindən birinin və ya Moskva metrosunun fəaliyyətini iflic edə biləcək kiberimkanlardan istifadə variantını irəli sürüblər.
Nəşrin məlumatına görə, belə bir addım Rusiyaya xəbərdarlıq mesajı vermək məqsədi daşıya bilər. Bununla belə, söhbət analitiklərin irəli sürdüyü ehtimaldan gedir və bu barədə konkret qərarın qəbul edildiyi açıqlanmayıb.
Müzakirə olunan digər variantlardan biri NATO ölkələrini mümkün təhlükələrdən qorumaq üçün qabaqcıl hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsidir. Bu sistemlərin Ukrayna ərazisində də yerləşdirilməsi təklif olunur.
Polşanın xarici işlər naziri Radoslav Sikorski də daha əvvəl oxşar təşəbbüslə çıxış edib.
Rusiya Prezidenti Vladimir Putin isə sentyabrın 25-də Moskvanın Avropa ilə müharibəyə hazırlaşmadığını bildirib. O, Avropanın Ukraynaya dəstəyi davam etdirmək üçün vəziyyəti bilərəkdən gərginləşdirdiyini iddia edib.
İmran Kərimli









