Rusiya enerji atəşkəsi müqabilində ABŞ-dan sanksiyaların yumşaldılmasını istəyir

Rusiya enerji atəşkəsi müqabilində ABŞ-dan sanksiyaların yumşaldılmasını istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Tribuna.az xəbər verir ki, Rusiya Ukrayna ilə mümkün enerji atəşkəsi barədə danışıqlar çərçivəsində ABŞ-dan sanksiyaların yumşaldılmasını tələb edib.

“The Kyiv Independent” nəşrinin ABŞ və Ukrayna rəsmilərinə istinadən yazdığına görə, Moskva Ukraynanın enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı razılaşma əldə olunacağı təqdirdə iqtisadi məhdudiyyətlərin bir hissəsinin aradan qaldırılmasını istəyir.

Məlumata əsasən, Rusiyanın hansı sanksiyaların ləğvini tələb etdiyi hələlik dəqiqləşməyib. Avropalı diplomat isə Moskvanın sanksiyalar səbəbindən dondurulmuş Rusiya aktivlərinin sərbəst buraxılmasına da çalışa biləcəyini bildirib.

Nəşrin yazdığına görə, Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlarını gücləndirdiyi bir vaxtda bu tələbləri irəli sürür. Ukraynalı rəsmilər Moskvanın mümkün danışıqlar öncəsi öz mövqeyini gücləndirməyə çalışdığını düşünürlər.

Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 8-də qismən atəşkəslə bağlı danışıqların mənasını görmədiklərini bildirsə də, mənbələr Rusiya rəsmilərinin qeyri-rəsmi müzakirələrdə təşəbbüsü nəzərdən keçirməyə hazır olduqlarını ifadə etdiklərini iddia edirlər.

Məlumata görə, Ukrayna nümayəndə heyətinin oktyabrın 9-da ABŞ rəsmiləri ilə görüşərək enerji atəşkəsi və Qara dənizdə hücumların dayandırılması məsələlərini müzakirə etməsi gözlənilir. Kiyev Moskvanın sanksiyalarla bağlı tələbləri barədə Vaşinqtondan əlavə məlumat almağa çalışacaq.

Ukrayna tərəfi isə enerji infrastrukturuna hücumların dayandırılmasının qarşılıqlı olmasını və Rusiyanın bunun müqabilində əlavə iqtisadi güzəştlər əldə etməməsini istəyir.

İmran Kərimli