Qumral Musayeva: “Müğənni nə qədər qazansa da, azdır…”

Qumral Musayeva: “Müğənni nə qədər qazansa da, azdır…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar məşhur simaların öz geyim və kosmetik vasitələrini satışa çıxarması dəb halını alıb. Artıq bir sıra bloqerlər də istifadə edilmiş geyimlərini baha qiymətə satırlar. Bu isə sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Geyimlərin satılmasının gigiyenik cəhətdən düzgün olmadığını deyənlərlə yanaşı, ehtiyacı olan insanlara pulsuz verməyin daha doğru olduğunu bildirənlər də az deyil.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən müğənni Qumral Musayeva müğənnilərin geyimlərini satışa qoymasına haqq qazandırıb. O bildirib ki, buna səbəb geyimlərin bir dəfə geyinilməsi və onlara “sərvət” ödənilməsidir: “Öz büdcəsinə uyğun az və ya daha çox alan, bahalı tikdirənlər var. Bunu nəzərə alsaq, müğənni tərəfdən bu, normal haldır. Hər kəs öz düşüncəsinə görə tənqid edir. Məsələn, vətəndaşlar istəyər ki, müğənni satmasın, kiməsə versin. Müğənni də istəyir ki, heç olmasa verdiyi pulun yarısını götürüb özünə yeni geyim alsın. Həqiqətən müğənninin xərcləri çoxdur. İnsanlar kənardan “müğənni” deyəndə elə bilir ki, heç nəyə ehtiyacı yoxdur, müğənni nə qədər qazansa da, azdır. Pul nə qədər çox olsa, xərclər də o qədər böyüyür. Sıravi insanlar düşünür ki, niyə satırlar, ehtiyacı var? Təbii ki, hər insanın ehtiyacı var. Paltara 300-500 manat verdiyim olub. Bir dəfə geyinirik, ikinci dəfə geyinmirik. Onu nə edək? Evdə yer də yoxdur. Heç olmasa 300-lük paltarı 80 -100 manata satırıq. Düzdür, hələ satmıram, satmamışam, amma satanlara da pis baxmıram. Təbii haqqlarıdır. Kosmetika vasitələri işlənibsə, satılmasının tərəfdarı deyiləm, geyimləri olar. Onsuz da qohum-əqrəbalarımız var, verdiklərimizi veririk… Bahalı ziyafət geyimləri isə satılsa daha yaxşı olar”.

 

Xatırlatma: Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın bir müddət öncə şəxsi qarderobundakı geyimlərini satışa qoyması sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb və onun bu addımı tənqid edilib.