Yaxın 10 il ərzində dünyada dini mənsubiyyət baxımından ciddi demoqrafik dəyişiklik baş verə bilər. Proqnozlara görə, 2035-ci ilə qədər müsəlmanlar dünyanın ən böyük dini icmasına çevrilərək say baxımından xristianları geridə qoya bilərlər.
Tribuna.az xəbər verir ki, bu barədə ABŞ-ın Pew Research Center tədqiqat mərkəzinin noyabrın 18-də dərc etdiyi araşdırmada bildirilir.
“Dünya dinlərinin gələcəyi: 2020–2070-ci illərdə əhali artımı proqnozları” adlı tədqiqatda hər iki dini icmanın sayının artacağı, lakin müsəlman əhalinin daha sürətlə çoxalacağı qeyd olunur.
Araşdırmaya əsasən, 2020-ci ildə müsəlmanlar dünya əhalisinin 26 faizini, xristianlar isə 29 faizini təşkil ediblər. Proqnozlara görə, 2070-ci ildə müsəlmanların payı 36 faizə yüksələcək, xristianların payı isə 29 faiz səviyyəsində qalacaq.
Həmin dövrə qədər dünyadakı müsəlmanların sayının 3,6 milyardı ötəcəyi, xristianların sayının isə 3 milyarddan bir qədər az olacağı gözlənilir.
Tədqiqatçılar bu dəyişikliklərin əsas səbəblərindən biri kimi müsəlmanlar arasında doğum səviyyəsinin yüksək olmasını göstərirlər. 2020–2025-ci illərdə müsəlman qadın başına orta hesabla 3,1 uşaq düşüb. İslam dininə mənsub olmayan qadınlar arasında isə bu göstərici 2,0 olub.
Digər mühüm amil əhalinin yaş strukturudur. 2020-ci ildə müsəlmanların orta yaşı 24, dini mənsubiyyəti olmayan insanların orta yaşı isə 33 olub. Daha gənc əhali gələcəkdə təbii artım potensialının yüksək olması deməkdir.
Araşdırmada digər dinlərlə bağlı da proqnozlar yer alıb. Belə ki, buddistlərin dünya əhalisindəki payının azalacağı, dini mənsubiyyəti olmayan insanların payının isə 2020-ci ildəki 24 faizdən 2070-ci ildə 17 faizə düşəcəyi gözlənilir.
Bununla yanaşı, hindu əhalisinin ümumi sayı artsa da, dünya əhalisindəki xüsusi çəkisinin azalacağı proqnozlaşdırılır.
Tədqiqatçıların diqqət çəkdiyi digər məqam ABŞ-da xristianlığın gələcəyidir. Proqnoza əsasən, 2070-ci ilə qədər ABŞ xristianların əksəriyyət təşkil etdiyi ölkə statusunu itirə bilər.
Qeyd edək ki, Pew Research Center din, demoqrafiya və ictimai həyat sahəsində beynəlxalq araşdırmalar aparan ABŞ-ın nüfuzlu tədqiqat mərkəzlərindən biridir.
İmran Kərimli









