Çin lideri Si Cinpin nüvə silahlarının tamamilə qadağan olunmalı və məhv edilməli olduğunu bəyan edib. O, nüvə müharibəsində qalibin olmayacağını bildirərək dünyanın aparıcı dövlətlərini mümkün qarşıdurmanın qarşısını almağa çağırıb.
Tribuna.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Si Cinpin bu fikirləri ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli sammitin keçirildiyi vaxt səsləndirib.
Çin liderinin bəyanatında qeyd olunub: “Nüvə silahları tamamilə qadağan edilməli və məhv olunmalıdır. Nüvə müharibəsində qalib gəlmək mümkün deyil və belə müharibəyə başlamaq olmaz”.
O, nüvə silahlarını bəşəriyyətin başı üzərində asılı qalan “Damokl qılıncı” ilə müqayisə edib.
Si Cinpin üç böyük dövlətin nüvə münaqişəsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməsinin vacibliyini vurğulayıb. Həmçinin Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə əməl edilməsinə və qlobal strateji tarazlığın qorunmasına çağırıb.
Tramp və Putin Çində fərqli qarşılandı
Məlumata görə, Si Cinpin ABŞ Prezidenti Donald Trampı hava limanında şəxsən qarşılayıb. Bu, Çin protokolunda nadir hallarda rast gəlinən hal kimi qiymətləndirilib. İki lider görüş zamanı qucaqlaşıb və daha sonra qırmızı xalça üzərində birlikdə hərəkət ediblər.
Rusiya Prezidenti Vladimir Putini isə Çinin Kommunist Partiyasının rəhbərliyində beşinci yerdə olan Tsay Tsi qarşılayıb.
Britaniyanın The Telegraph nəşri isə Si Cinpin, Tramp və Putinin görüşünü Avropa üçün diplomatik baxımdan əlverişsiz vəziyyət kimi qiymətləndirib. Nəşrin müdafiə və beynəlxalq siyasət üzrə redaktoru Kon Koflin sammiti 1945-ci il Yalta konfransı ilə müqayisə edib.
Onun fikrincə, Yalta konfransında Avropa aparıcı rol oynadığı halda, indiki geosiyasi proseslərdə Avropa danışıqlar masasında yer əldə etməkdə belə çətinlik çəkir.
İmran Kərimli









