ADY 75 yaşlı sərnişini gecə saat 1-də qatardan düşürüb? – İDDİA

ADY 75 yaşlı sərnişini gecə saat 1-də qatardan düşürüb? – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dəmir Yolları (ADY) ilə bağlı yaşlı sərnişinin başına gəldiyi iddia edilən hadisə narazılıq yaradıb.

Tribuna.az xəbər verir ki, şikayəti sosial şəbəkədə Murad Qəhrəmanov adlı şəxs paylaşıb.

O bildirib ki, 75 yaşlı sərnişini sənədində bir hərf fərqinə görə sərhədə çatmamış qatardan düşürmək istəyiblər. Sərnişin öz hüquqlarını tələb etdikdə ADY əməkdaşları tərəfindən ona akt yazılaraq bilet pulunun qaytarılacağı bildirilib. Lakin həmin aktı ADY-yə təqdim etdikdə, sərnişinə heç bir ödəniş edilməyəcəyi, aktın isə əsası olmadığı deyilib.

Şikayətçi bu vəziyyətə etiraz edərək, əgər biletin pulu qaytarılmayacaqdısa, sərnişinə nə üçün belə bir akt verildiyini sual edib.

O, 75 yaşlı kişinin gecə saat 1-ə yaxın tanımadığı ərazidə qatardan düşürülmək istənilməsini də qəbuledilməz hesab edib. Bildirib ki, yaşlı sərnişin ayaq üstə durmaqda belə çətinlik çəkir və onunla bu cür davranılması haqsızlıqdır.

“Bu insan terrorist deyil, bandit deyil, mərdimazar deyil. Qoca bir insana niyə bir haqsızlıq olunur?” – deyə şikayətçi vurğulayıb.

Murad Qəhrəmanov ADY-dən məsələnin ətraflı araşdırılmasını, yaşlı sərnişinin başına gələnlərlə bağlı izahat verilməsini və bilet pulunun ödənilməsini istəyib.

O, qurumun məsələyə münasibət bildirəcəyinə ümidinin az olduğunu qeyd etsə də, hadisənin ictimailəşdirilməsinə çağırıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul