““Qarabağ” FK-nun butsusunu geyən çox olar, amma Avropa klublarını məğlub edən az olar”

““Qarabağ” FK-nun butsusunu geyən çox olar, amma Avropa klublarını məğlub edən az olar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər  KİV-lərdə futbol mövzusu gündəm olub,  mövtəşəm qələbələrlə yox, haqsızlıq və dedi-qodularla.   AFFA  35 ildə hələ də futbol üzrə ortabab milli komanda formalaşdıra bilməyib, amma  Avropa səviyyəsinə layiq cəmi bir klub komandamız var,  ona qarşı da  hörmətsizlik və haqsızlıq edilir.

Futbol üzrə  milli komanda  öz 35 illik tarixində  ölkənin idman  imicinin yüksəldilməsində,  “Qarabağ” FK-nun nailiyyətlərinin  cüzi hissəsini belə edə bilməyib.

2 il əvvəl   klub beynəlxalq turnirlərin birində bir oyun  uduzduğuna görə, hövsələsiz  bəzi  azarkeşlər klubu və baş məşqçini qınayırdılar. Amma az sonra klub böyük uğurlara imza atdı, hamımızı sevindirdi.  Komanda  yaxşı  bilir ki, onların yaşıl meydandadkı  qələbəsinə  50  milyonluq Dünya  Azərbaycanlıları,  300 milyonluq  türk dünyası  sevinir, təəssübkeşlik edir.

Komandanın ən böyük   təəssübkeşi isə,  Dünya Azərbaycanlılarının lideri, Prezident  İlham Əliyevdir.  O, dəfələrlə komandanı tam heyəti ilə qəbul etmiş, qələbələr münasibəti ilə təbrik etmiş, baş məşqçi ilə dəfələrlə telefonla danışmış,  kluba qarşı hakimlər haqsızlıq ediləndə onun yanında olmuşdur. Cənab prezident  klubun  baş məşqçisi  Qurban  Qurbanovun futbolumuzun inkişafında, o cümlədən “Qarabağ” FK-da xidmətlərini  dəfələrlə xüsusi qeyd etmişdi.
“Qarabağ”  FK-nun, baş məşqçi Qurban Qurbanovun ölkə futbolu tarixində möhtəşəm xidmətləri danılmazdır. Xüsusən də,  futbolu zəif ölkədə, qeyri peşəkar AFFA fonunda  son 18  ildə  bu klubun nailiyyətlərini nə vaxtsa, hansısa  milli klubun və ya məşqçinin gələcək 15- 20 ildə  təkrar edəcəyi real görünmür.

Azərbaycan futbol tarixində Qurban Qurbanov kimi parlaq karyerası olan ikinci bir  məşqçisi  olmayıb, bəlkə də, yaxın  onilliklərdə də olmayacaq  Futbol məşqçilərinin beynəlxalq reytinqlərində nəinki ölkə üzrə, hətta Türk dövlətləri və Qafqaz ölkələri üzrə ən yüksək reytinq də məhz Q. Qurbanova məxsusdur.
Q. Qurbanov 2008-ci ildən bu günə qədər “Qarabağ” FK baş məşqçisidir,  bu müddətdə “Qarabağ” FK dəfələrlə  Azərbaycan kubokunu almış,  ölkə çempionu olmuşdur.  Bu rekordun  da,  nə vaxtsa, hansısa klubun  təkrarlaması real  görünmür.

Beynəlxalq yarışlarda hakimlərin bu kluba qarşı qərəzliliyini, haqsızlığını çox görmüşdük. Amma gec də olsa, haqq öz yerini tutub. İndi də  deyəsən AFFA hakimləri də bu yoldadırlar.  Müstəqillik illərində futbol üzrə ortabab milli komanda formalaşdıra bilmədik,  cəmi  bir  tanınmış klub komandası yarada bilmişik,  indi ona qarşı hörmətsizlik və haqsızlıq etməyə haqqımız yoxdur.

35 ildə bir futbol klubumuzu dünyaya tanıda bildik, indi onu da kimlərinsə  ambisiyalarına qurbanmı  edək?

Necə deyərlər, ““Qarabağ”  FK-nun butsusunu geyən çox olar, amma  gedib Avropanın  güclü  klublarını   udan az olar.”

Qurbanova bir çox xarici klublardan dəfələrlə dəvətlər olub, amma o, doğma komandasını tərk etməyib. İndi o, komandaya qarşı haqsızlıqlara reaksiya kimi, gələcəkdə həmən xarici klubların birinə  işə keçsə bundan “ kim udar, kim uduzar?”.

AFFA-nın “Qarabağ” FK-na, “Köhlən atlar”a qarşı haqsızlığı, “Koroğlu” dastanında “Qıratı” “Dürrat”la dəyişdirmək səhnəsini yada salır.

 Dosent İlham Əhmədov