Abşeron rayonunda 32 yaşlı kişi onunla barışmaq istəməyən əvvəllər sevgi münasibətində olduğu qadına xəsarət yetirib.
Tribuna.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 24-də rayonun Mehdiabad qəsəbəsi, 28 may küçəsində baş verib. 1994-cü il təvəllüdlü Zöhrab həmin gün saat 21 radələrində qeyd olunan küçədə yerləşən marketin yaxınlığındakı boş ərazidə münasibətləri pozulmuş keçmiş qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Samirəyə (adlar şərtidir – red.) yaxınlaşıb, onunla yenidən barışmaq istədiyini bildirib.
Bu zaman Samirə keçmiş münasibətdə olduğu 32 yaşlı kişinin barışmaq niyyətinə müsbət cavab verməyib. Bundan hiddətlənən Zöhrab qadının üzərinə hücum edib, əl, yumruq zərbələri ilə onun sifət və baş nahiyələrinə vurub.
Faktla bağlı təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham verilib. Abşeron Rayon Məhkəməsinə ərizə təqdim edən qadın təqsirləndirilən şəxslə barışdığını göstərib. O, Zöhrabı bağışladığını, ona qarşı şikayəti olmadığını qeyd edib. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Sənan Məmmədli









