“Park Masallı” istirahət mərkəzində qızına nişan mərasimi keçirmək istəyən ailə qarşılaşdığı problemləri ictimailəşdirib.
Tribuna.az xəbər verir ki, qızının nişan mərasimi üçün sözügedən istirahət mərkəzinin rəhbərliyi ilə əvvəlcədən danışan ailə başçısı sonradan gözlənilməz problemlərlə üzləşib.
Şikayətçinin sözlərinə görə, menyu, qonaq sayı və qiymətlə bağlı razılığa gəlsələr də, sonradan ondan musiqi üçün əlavə ödəniş tələb olunub.
“Razılaşdığımız gün onların hesabına beh də göndərdim. Nişana bir gün qalmış bildirdilər ki, canlı musiqi olmayacaq, başqa musiqi üçün 150 manat ödəməlisiniz. Vaxt az qaldığı üçün razılaşdım və pulu ödədim. Nişana iki saat qalmış isə dedilər ki, bu zalda başqa tədbir də olacaq. Etiraz etdim. Çünki qonaqlarım gələcəkdi, bu, ailə məclisi idi və yad insanların orada olmasını istəmirdik.
İstirahət mərkəzindən bildirdilər ki, özünüz bilərsiniz, istəmirsinizsə, gedin, nişanınızı başqa yerdə keçirin.
Məcbur qalıb başqa bir məkanla danışdım. Qonaqlarım da narahat oldu, özüm də böyük əsəb keçirdim”, – deyə şikayətçi bildirib.
Ailə başçısı işinə məsuliyyətsiz yanaşdığını iddia etdiyi və ailənin xoş gününə problem yaratdığını bildirdiyi istirahət mərkəzinin fəaliyyəti ilə bağlı tədbir görülməsini istəyib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul










