Nəsimiyə görə general işdən çıxarıldı – Detallar

Nəsimiyə görə general işdən çıxarıldı – Detallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hərbçisi Nəsimi Musayevin həbsindən sonra erməni mətbuatı bəzi yeni detalları tirajlamağa başlayıb.

Tribuna.az-ın “Hraparak” nəşrinə istinadən verdiyi xəbərə görə, bu hadisə sərhəd qoşunlarının koordinatoru, Milli Təhlükəsizlik Xidmətinin direktor müavini general-mayor Davit Sanamyanın işdən çıxarılması ilə nəticələnib.
“Sərhəd pozuntusu barədə məlumat aldıqdan sonra bütün strukturlar əlaqələndirilmiş şəkildə işləməli, bütün ərazini müəyyən radiusda mühasirəyə almalı və “daramalı” və şübhəsiz ki, sərhəd pozucusunu bir neçə saat ərzində tapmalı idilər, lakin bu nəinki edilmədi, həm də yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərinə də məlumat verilmədi.
Yaxın gələcəkdə Müdafiə Nazirliyində və fövqəladə vəziyyətə lazımi şəkildə reaksiya verməyən digər strukturlarda da işdən çıxarılmaların olacağı gözlənilir”- deyə erməni nəşri yazıb.
“Hraparak” yaydığı başqa bir xəbərdə isə iddia edir ki, guya hərbçimizin “atəş açdığı” Ani adlı 38 yaşlı qadının vəziyyəti ağırdır, amma Paşinyan hakimiyyəti gizlədir.
“Azərbaycanlı tərəfindən güllələnən Sünik qadının vəziyyəti əslində olduqca ağırdır və müvafiq şöbələr, “Qriqor Lusavoriç” MC-nin rəhbərliyi qəsdən susur. Dünən əməliyyat olunan 38 yaşlı qadın artıq bir neçə gündür ki, bu xəstəxanada yatır, lakin ayağını amputasiyadan xilas etmək üçün daha bir neçə əməliyyat keçirməsi gözlənilir.
Hakimiyyət orqanları onun həyatı üçün təhlükə olmadığını iddia edirlər. Bu arada, dünənə qədər üç əməliyyat planlaşdırılıb, Aninin ayağı dizinə qədər sındırılıb, çoxlu sayda sınmış sümük çıxarılıb; hətta ayaq sümüyü implantının qoyulması məsələsi də müzakirə olunub”, – deyə erməni mediası şişirtmələrə yol verir.
Görünür ki, bu olay Ermənistanı qarışdırıb. Müxalif mətbuat hadisədən iqtidar əleyhinə istifadə edir, məsələni daha mübaliğəli, dramatik şəkildə təqdim etməyə çalışır. Halbuki ortada heç bir real fakt yoxdur və manipulyasiyaya yol verilir.
Qeyd edək ki, hərbçimiz barəsində iki aylıq həbs tədbiri seçilib.
“Sputnik Armenia” xəbər verir ki, Nəsimi Musayev Sisian (Qarakilsə) tibb mərkəzindən İrəvandakı tibb mərkəzlərindən birinə köçürülüb. Şöbələr Musayevin hansı tibb mərkəzində olduğu və vəziyyətinin necə olduğu barədə şərh vermir.
Eyni zamanda, hüquq müdafiəçiləri Şəkidə “yaralanan” Ani Avetisyanı yenidən İrəvanın “Müqəddəs Qriqori Maarifçi” tibb mərkəzində ziyarət ediblər.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun sentyabrın 26-da xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb.
Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.

Fərda Uğur