Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində ən işlək piyada səkisində tikinti aparılır.
Tribuna.az-a bu barədə sakinlər məlumat verib. Onların sözlərinə görə, bayram tətili ərəfəsində, dövlət qurumlarının işləmədiyi bir vaxtda sözügedən ünvanda işlər başlayıb.
Sakinlər bildirib ki, qanunsuz formada satılan ərazi gediş-gəlişin intensiv olduğu yerdir. Həmçinin işlər yaşayış binasının altında aparılır ki, bu da olduqca təhlükəli hesab edilir. Belə ki, binanın əsas özül divarlarından hesab edilən hissəsi dağıdılaraq qapı açılıb. İşlərin böyük hissəsi tətil günlərində yekunlaşdırılıb. Aparılan işlər səbəbindən ərazidə hərəkət çətinləşib.
Sakinlər bildirib ki, Nəsimi rayonunda son bir neçə aydır ki, qanunsuz tikililərin sayı artıb.
Narazılıqla bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Gün ərzində dəfələrlə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Ümid edirik, bayram tətilindən sonra sakinlərin narazılığı ilə bağlı məsələyə aydınlıq gətiriləcək.
Gülşən Rəsul









