Paytaxtda, xəstəxanaların birində 2011-ci il təvəllüdlü 14 yaşlı yeniyetmə qız uşağı dünyaya gətirib; faktla bağlı Daxili İşlər Nazirliyi və aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılır.
Tribuna.az hadisə ilə bağlı psixoloq Dilruba Həsənova ilə müsahibə edib.
— Bu cür halların təkrarlanmaması üçün valideynlər, məktəb və cəmiyyət necə davranmalıdır?
— Azyaşlı hamiləlik və cinsi istismar halları fərdi hadisə deyil. Bunlar valideyn savadsızlığının, yanlış mental dəyərlərin müqəddəsləşdirilməsinin və uşaqların savadsız ailə mühitində böyüməsinin birbaşa nəticəsidir.
Cəmiyyətimizdə uzun illərdir problem geniş müzakirələrə qoyulmur, həll edilirmiş kimi təqdim olunur. Halbuki susdurulan mövzu yox olmur, nəzarətsiz şəkildə dərinləşir.
Geniş sosial araşdırmalar açıq şəkildə göstərir ki, uşaq emosional təhlükəsizlik və düzgün məlumat olmayan ailədə daha tez risk davranışlarına yönəlir. Təəssüf ki, bir çox ailədə valideyn savadsızlığı mental dəyərlər adı altında cəmiyyətdə problemlər yaradır.
“Ayıbdır”, “bunu bilməyə ehtiyacın yoxdur”, “böyüyəndə öyrənərsən” kimi yanaşmalar
uşağı tərbiyə etmir onu məlumatsız, maraqlı və nəzarətsiz qoyur.
Uşaq təbiətində hər şeylə maraqlanmaq həvəsi var və verilən intim suallar
sağlam şəkildə cavablandırılmadıqda
doğru mənbədən verilmədikdə
yaşıdlarından, internetdən, təsadüfi insanlardan öyrənilməyə başlayır.
Bu isə xüsusilə savadsız və ya nəzarətsiz ailə mühitində böyüyən uşaqlarda
seksual mövzulara erkən marağın artmasına,
bədən sərhədlərini tanımamağa,
manipulyasiyaya açıq olmağa səbəb olur.
Valideyn nəzarətinin olmaması, sosial şəbəkələrdə sərhədsizlik və emosional laqeydlik uşağı bir başa problemin içinə atır.
Ən təhlükəli məqam isə odur ki,
valideyn öz savadsızlığını “mental dəyər” kimi təqdim etdikdə, uşaq həm qorunmur, həm də susmağa məcbur edilir.
Mental dəyərlər belə hallarda yalnış müqəddəsləşdirilir. Əslində, mental dəyərlər cəmiyyəti qorumaq üçündür, uşağı susdurmaq üçün yox.
Lakin bizdə çox vaxt namus anlayışı uşağın təhlükəsizliyindən üstün tutulur.
“Ailənin adı” uşağın psixikasından daha vacib sayılır.
Bu davranışlar cinayətkarı gizlədir və ən pisi isə odur ki qurbanı günahkar kimi göstərir.
— Bu cür hadisələr uşağın psixologiyasında hansı uzunmüddətli izlər buraxır?
— Bu, bir qorxu anı kimi sayılmır, uşağın daxili dünyasında qalan dərin bir zədə olur. Uşağın ən əsas hissi sayılan təhlükəsizlik hissi dağılır.
Uşaq anlayır ki, onu qoruyan olmayıb. Bu fikir sonradan bütün həyatına yayılır.
Ən çox rast gəlinən psixoloji hallar isə uşaq başına gələnləri qəbul edə bilməyəndə özündən uzaqlaşır. Bədəni ilə, hissləri ilə əlaqəsi zəifləyir. Böyüdükcə də bu hal qalır. Çox vaxt uşaq özünü günahlandırır. “Deməli, mən səhv etmişəm”, – deyə düşünür. Bu fikir insanın içində illərlə qalır. İnsanlara güvənmək çətinləşir. Çünki uşaq üçün əsas inanc pozulub. O, artıq öz böyüklərinə inanmır, onlardan qaçır.
Sonra bu travma depressiya,
qorxu və panik halları ilə özünü göstərir. Bəzən, zamanla daha dərin travma yaşayanlarda yuxu və sakitlik pozulur.
Belə hallarda uşaq, uşaq ola bilmir. Vaxtından əvvəl məsuliyyət daşıyır. Bu isə emosional inkişafı dondurur.
Bu düşüncələri dəyişmədən sağalma mümkün olmur.
— Azyaşlıların bu cür hallardan qorunması üçün valideynlərə hansı davranış modeli tövsiyə olunur?
— Birinci növbədə uşağı qorumaq üçün qorxutmaq lazım deyil. Susdurmaq da çıxış yolu deyil. Əksinə, uşaq bilməlidir ki, sual verəndə cəza almayacaq.
Ən əsas məsələ açıq ünsiyyətdir. Uşaq nəsə soruşanda valideyn onu qorxutmamalı, “ayıbdır” deyib mövzunu bağlamamalıdır. Çünki uşaq cavabı valideyndən almasa, başqa yerdən alacaq. Onsuz da sualı ona görə verir ki, soruşduğu mövzu haqqında böyük marağı yaranıb.
Uşağa erkən yaşdan bunu başa salmaq lazımdır.
“Bədən sənindir. İstəmədiyin toxunuşa yox demək haqqındır. Bu, hörmətsizlik deyil, özünü qorumaqdır”.
Maarifləndirmə qorxu ilə yox, sakit və yaşa uyğun aparılmalıdır. Qorxudulan uşaq susur, susan uşaq isə risk altına düşür. Nəzərə alsaq ki, qorxurdulan uşaq hətta zorlanandan belə, səsini çıxarmır və bu davranışın nə qədər ciddi təhlükəli olduğunu anlamaq mümkün olur məncə.
Valideyn uşağı utandırmadan dinləməlidir. Uşaq nəsə danışırsa, deməli, etibar edib. O etibarı sındırmaq olmaz.
Bir də çox vacib bir qayda var; sirr saxlamaq. Uşağa izah edilməlidir ki, böyüklər tərəfindən istənilən “sirri” valideynlə paylaşmaq olar və lazımdır. Xüsusən də bədənlə bağlı sirrlər təhlükə siqnalıdır.
Qısa desək, uşaq bilməlidir,
danışarsa tənqid və təhqir olunmadan dinləyəcək və qorunacaq, günahlandırılmayacaq.
— Bu cür cinayətləri törədən şəxslərin psixoloji portreti necə olur?
— Burada bir şeyi dəqiq ayırmaq lazımdır. Çünki cəmiyyətdə bu iki anlayış çox vaxt qarışdırılır.
Birincisi pedofiliyadır. Bu, psixoloji bir meyldir.
İkincisi isə uşaq istismarıdır. Bu artıq cinayətdir.
Hər pedofil cinayət törətmir. Amma uşağa qarşı cinayət edən şəxslərin böyük hissəsində ciddi psixoloji problem olur.
Bu şəxslərdə ən çox rast gəlinən xüsusiyyət empati çatışmazlığıdır. Yəni uşağın yaşadığı qorxunu, ağrını, travmanı hiss etmirlər və ya görməzdən gəlirlər.
Onlarda güc və nəzarət ehtiyacı çox güclü olur. Uşaq isə onlar üçün “zəif və idarəolunan” bir hədəf kimi görünür.
Çox vaxt yetkin münasibətlərdə uğursuz olurlar. Öz yaşıdları ilə sağlam əlaqə qura bilmədikləri üçün daha zəif olana yönəlirlər.
Öz davranışlarını idarə etməkdə çətinlik çəkirlər. Düşünmədən hərəkət edirlər və sonradan davranışlarını əsaslandırmağa çalışırlar.
Ən təhlükəli tərəfi isə
Uşağı “razı” kimi qavrayırlar. Yəni öz etdiklərini “uşaq özü istədi” kimi izah edirlər. Bu, onların öz vicdanlarını sakitləşdirmək üçün qurduğu yanlış düşüncədir.
Qısaca desək, problem uşaqda yox, bu şəxslərin təhrif olunmuş düşüncəsində və nəzarətsiz davranışlarında olur.
Uşağın “razılığı” deyilən bir anlayış ümumiyyətlə mövcud deyil.
— Pedofilyaya gətirən səbəblər nədir?
— Bu halın tək bir səbəbi yoxdur. Bu, bir neçə amilin birləşməsi ilə ortaya çıxan bir vəziyyətdir.
Ən çox rast gəlinənlər səbəblərdən bunları göstərə bilərik ki, öz uşaqlığında cinsi istismara məruz qalmaq, erkən yaşda düzgün seksual inkişaf edə bilməmək, sosial təcrid, tək qalmaq, şəxsiyyət və emosional problemlər, nəzarətsiz pornoqrafiyaya məruz qalmaq, güc və üstünlük fantaziyaları və s.
Amma bir şeyi də nəzərdə saxlamaq lazımdı ki, uşaqlıqda hər hansı zorakılığa məruz qalmaq insanı hər zaman cinayətkara çevirmir. Sadəcə, bu göstərilənlər araşdırmalar zamanı cinayətkarlarda olan ortaq cəhətlər olub.
— Onlar bu vəziyyətlərindən xilas ola bilərlərmi?
— Elmi araşdırmalarda deyirlər ki, meyl tamamilə dəyişmir. Amma davranışları nəzarət altına almaq mümkündür.
Bunu etmək üçün işləyən yollar var. Məsələn, Koqnitiv-davranışçı terapiya. Yəni, CBT texnikası düşüncə və davranışları öyrənmək və dəyişdirməklə, belə şəxslərə yardım etmək olar.
Və ya Təhlükəni izləmək və qarşısını almağa çalışmaq.
Amma ən təhlükəlisi odur ki, bu cür insan davranışını normal hesab edənlər olur. Çünki belə olduğu halda bu adamlar müalicə almağa razı olmurlar. İnsan özü sağalmaq istəməyəndə, onu dəyişmək çətinləşir.
Söhbətləşdi: Dəniz Pənahova










