“Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması durğunluq vəziyyətindədir. Bunu həm Ermənistanın verdiyi açıqlamalar, həm də ümumi proseslər sübut edir”.
Tribuna.az bildirir ki, bu iddia ilə ekspert Suren Sarkisyan çıxış edib.
Onun sözlərinə görə, hazırda TRIPP istiqamətində heç bir əhəmiyyətli irəliləyiş müşahidə olunmur ki, bu da digər proseslərin yavaşlamasını göstərir. “Layihənin həyata keçirilməsi perspektivləri də qismən İran-ABŞ münasibətlərindən asılıdır. Son müharibə zamanı İran dəfələrlə göstərib ki, o, təkcə Amerikanın hərbi deyil, həm də TRIPP kimi regiondakı iqtisadi təşəbbüslərə zərbə vura bilər. Buna görə də, layihənin həyata keçirilməsi bundan sonra yalnız ABŞ-dan deyil, həm də İrandan asılıdır”.
Sarkisyan bildirib ki, əgər TRİPP layihəsi alınmasa, Zəngəzur dəhlizi məsələsi yenidən gündəmə gələcək. “Azərbaycana gəldikdə isə, əgər TRIPP müxtəlif səbəblərdən həyata keçirilməsə, Bakı təbii ki, özünün Zəngəzur Dəhlizinin ardınca düşəcək. TRIPP və ya Zəngəzur Dəhlizi adlandırılmasından asılı olmayaraq, onun strateji məqsədi eyni qalacaq, lakin moderator fərqli olacaq”.
O hesab edir ki, əgər TRIPP həyata keçirilməsə, alternativ, daha riskli ssenarilərin ehtimalı artacaq.
Fərda Uğur









