Türkiyədə aş evləri: pulsuz yemək sistemi Azərbaycanda tətbiq oluna bilərmi?

Türkiyədə aş evləri: pulsuz yemək sistemi Azərbaycanda tətbiq oluna bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumilikdə sosial yemək proqramları vasitəsilə hər gün 1 milyondan çox insana xidmət göstərir

Türkiyədə “aş evi” anlayışı ilk baxışda sadə görünür: ehtiyacı olan insanlara isti yemək verilən məkanlar. Amma bu sistemin arxasında yüzillik ənənə, ciddi nəzarət mexanizmi və planlı sosial model dayanır. Bu gün aş evləri təkcə xeyriyyə fəaliyyəti deyil, dövlət və cəmiyyətin birlikdə qurduğu işlək sosial dəstək sistemidir.

Aş evlərinin kökü Osmanlı dövrünə gedib çıxır. O zamanlar “imarət” adlanan bu yerlərdə kasıblara, səyyahlara və tələbələrə pulsuz yemək verilirdi. Bu, həm dini, həm də sosial məsuliyyət hesab olunurdu. Müasir Türkiyədə bu ənənə qorunub saxlanılıb, amma sistem artıq daha strukturlaşdırılmış və nəzarətli formaya keçib.

 

 Türkiyədə fəaliyyət göstərən Türk Kızılayı da aşevləri vasitəsilə minlərlə ehtiyac sahibinə gündəlik isti yemək təqdim edir. Bu qurum yalnız fövqəladə hallarda deyil, adi günlərdə də sosial dəstəyə ehtiyacı olan insanları diqqətdə saxlayır. Kızılayın aşevləri xüsusilə yaşlılar, aztəminatlı ailələr, tək yaşayan şəxslər və fiziki imkanları məhdud insanlar üçün mühüm sosial dayaq rolunu oynayır.Bu sistem könüllülük prinsipi və ianələr əsasında fəaliyyət göstərir, eyni zamanda dövlət qurumları ilə koordinasiyalı şəkildə işləyir. Yeməklər gigiyenik şəraitdə hazırlanır və bəzi hallarda ehtiyacı olan insanların evlərinə qədər çatdırılır. Kızılay aşevləri təkcə qida təminatı deyil, həm də cəmiyyət daxilində həmrəylik və sosial məsuliyyət anlayışını gücləndirir.

Bundan əlavə, təbii fəlakətlər və fövqəladə vəziyyətlər zamanı Kızılay mobil mətbəxlər vasitəsilə qısa müddətdə minlərlə insana xidmət göstərə bilir. Bu model illərdir sınaqdan çıxmış və davamlı olaraq təkmilləşdirilən bir sosial yardım mexanizmi kimi diqqət çəkir.

Hazırda Türkiyədə aş evləri əsasən bələdiyyələr, sosial yardım fondları və xeyriyyə təşkilatları tərəfindən idarə olunur. Ölkə üzrə demək olar ki, bütün – yəni 81 vilayətdə bu xidmət mövcuddur. Böyük şəhərlərdə isə bu sistem daha geniş miqyas alır. Bəzi aş evlərində gündə 5 mindən 10 minə qədər insan üçün yemək hazırlanır. Orta statistik mərkəzlər isə gün ərzində təxminən 500-1000 nəfərə xidmət göstərir.

Bu modelin miqyasını daha aydın göstərən daha bir vacib məqam isə onun davamlılığıdır. Aş evləri əksər hallarda həftənin 7 günü fəaliyyət göstərir və gündəlik olaraq yüz minlərlə insanın qida ehtiyacını qarşılayır. Təkcə böyük şəhərlərdə deyil, ölkənin demək olar bütün bölgələrində bu model işlək vəziyyətdədir. Ümumilikdə isə sosial yemək proqramları vasitəsilə hər gün 1 milyondan çox insana xidmət göstərildiyi qeyd olunur.

Bu sistemin diqqət çəkən tərəflərindən biri də əlçatanlıqdır. Əksər hallarda aş evinə üz tutan və ac olduğunu bildirən insan geri qaytarılmır. Daimi və sistemli yardım üçün müəyyən qeydiyyat prosedurları tətbiq olunsa da, yerində yemək almaq çox vaxt əlavə sənəd və ya mürəkkəb proses tələb etmir. Bu yanaşma sistemi təkcə sosial yardım mexanizmi yox, həm də mərhəmət və həmrəylik modeli kimi fərqləndirir.

Bu rəqəmlər göstərir ki, sistem artıq minlərlə insanın gündəlik həyatının bir hissəsinə çevrilib.

Bu sistemin əsas fərqi ondadır ki, o, tam sərbəst şəkildə deyil, müəyyən qaydalar əsasında işləyir. Aş evlərindən istifadə etmək istəyən şəxslər əvvəlcə müraciət edir və onların sosial vəziyyəti araşdırılır. Bəzi hallarda sosial işçilər yaşayış ünvanına baxış keçirir, ailənin gəliri, həyat şəraiti və digər vacib amillər yoxlanılır. Yalnız həqiqətən ehtiyaclı hesab edilən şəxslər siyahıya daxil edilir və müntəzəm şəkildə bu xidmətdən yararlanır.

Bu yanaşma ilk baxışda sərt görünə bilər. Amma sistemin məntiqi aydındır: resurslar məhduddur və bu resurslar ən çox ehtiyacı olan insanlara yönəldilməlidir. Əgər sistem nəzarətsiz olsaydı, ehtiyacı olmayanlar da bu xidmətdən istifadə edə bilər və nəticədə həqiqətən ehtiyacı olan insanlar kənarda qala bilərdi.

Aş evləri əsasən cəmiyyətin ən həssas təbəqələrinə xidmət edir. Bunlara tək yaşayan yaşlılar, əlillər, ağır xəstələr, gəliri olmayan ailələr və sosial yardımla yaşayan şəxslər daxildir. Bəzi hallarda bu insanlar aş evinə gəlmir – yeməklər birbaşa onların evinə çatdırılır. Bu isə sistemin sadəcə yemək paylamaqdan daha geniş sosial funksiya daşıdığını göstərir.

Yeməklər xüsusi mətbəxlərdə hazırlanır və qida dəyəri nəzərə alınaraq paylanır. Böyük şəhərlərdə logistika sistemi də qurulub – hər gün minlərlə porsiya yemək ya mərkəzdə təqdim olunur, ya da ünvanlara çatdırılır.

Bu sistemin maliyyə tərəfi də diqqətəlayiqdir. Aş evləri yalnız dövlət hesabına fəaliyyət göstərmir. Bələdiyyə büdcəsi ilə yanaşı, xeyriyyəçilərin ianələri, sosial fondlar və müxtəlif layihələr bu sistemin əsas dayaqlarıdır. Xüsusilə Ramazan ayında bu fəaliyyət daha da genişlənir və daha çox insan bu xidmətdən yararlanır.

Bütün bunların fonunda Türkiyədə qurulan bu model təkcə bir ölkənin təcrübəsi kimi yox, həm də nümunə kimi diqqət çəkir. Çünki burada məqsəd sadəcə yemək paylamaq deyil, ehtiyacı olan insanı müəyyən edib ona davamlı dəstək verməkdir. Bu yanaşma həm sosial ədaləti qoruyur, həm də resursların düzgün bölüşdürülməsini təmin edir.

Azərbaycanda isə bu baxımdan vəziyyət daha çox epizodik xarakter daşıyır. Bizdə müxtəlif xeyriyyə aksiyaları və bayram kampaniyaları olsa da, gündəlik və davamlı işləyən belə bir sistem demək olar ki, formalaşmayıb. Halbuki ehtiyac kampaniyalıq deyil — hər gün mövcuddur.

Əsas fərq də məhz burada ortaya çıxır: Türkiyədə yanaşma “ac olan insanı bu gün necə doyuraq?” sualı üzərində qurulub. Azərbaycanda isə sosial dəstək daha çox “nə qədər maddi yardım ayıraq?” məntiqi ilə məhdudlaşır.

Və bütün bu nümunələrin fonunda bir sual qaçılmaz olur: Türkiyədə illərdir işləyən, minlərlə insanın gündəlik həyatına real təsir edən belə bir model niyə Azərbaycanda geniş tətbiq olunmur?

Niyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli bələdiyyələr,icra hakimiyyətləri bu təcrübədən istifadə edərək oxşar sistemlər qurmaq istiqamətində daha aktiv addımlar atmır?

Axı ölkədə tək yaşayan yüzminlərlə insan var. Elə insanlar var ki, yaşına, sağlamlıq vəziyyətinə və ya maddi imkansızlığa görə gündəlik yemək hazırlamaq imkanına sahib deyil.

Xüsusilə əlilliyi olan şəxslər, yataq xəstələri və aztəminatlı yaşlılar üçün belə bir sistem sadəcə sosial layihə yox, birbaşa həyat keyfiyyətini dəyişən dəstək ola bilər. Bu, təkcə qida məsələsi deyil — bu, qayğı, diqqət və sosial ədalət məsələsidir.

Türkiyənin təcrübəsi göstərir ki, düzgün qurulan sistemlə minlərlə insanın həyatına toxunmaq mümkündür. Bu təcrübədən yararlanmaq isə artıq seçim yox, zərurət kimi görünür.

İmran Kərimli

Tribuna.az