“Bu, (Çexiyanın Baş nazirinin səfəri – red.) iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəal siyasi dialoqumuz var”.
Tribuna.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında söyləyib.
“Bu gün bir çox məsələlər ətrafında – həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır”, – deyə dövlət başçısı əlavə edib.
Prezident həmçinin bildirib: “Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Azərbaycan və Çexiya çox etibarlı tərəfdaşlardır”.
Dövlət başçısı deyib ki, Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur.
“Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir”, – deyə İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir.
“Biz Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir”, – deyə İlham Əliyev söyləyib.
Bu sahənin də çox genişmiqyaslı olacağına əminliyini bildirən dövlət başçısı qeyd edib: “Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”.









