Bu, klassik deyil, fərqli ittifaq fəlsəfəsidir.
Özbəkistan və Azərbaycan arasında əbədi dostluğu hədəfləyən sənəd hər iki ölkə qarşısında təkcə hüquqi-siyasi öhdəliklər yaratmır, həm də mənəvi-tarixi məsuliyyət formalaşdırır.
Azərbaycan xarici siyasətində yeni model…
Azərbaycanın digər ölkələrlə münasibətlərində ikinci belə bir nümunə yoxdur. Yəni, Azərbaycan tarixində başqa bir dövlətlə münasibətləri məhz “Əbədi dostluq haqqında Müqavilə” ilə rəsmiləşdirmək ənənəsinə rast gəlmirik.
Hələ sovet dövründə Özbəkistan və Azərbaycan arasında mənəvi, tarixi bağlılıq xüsusi diqqət çəkirdi. Türk dövlətləri içərisində Özbəkistan yeganə ölkədir ki, Azərbaycana və azərbaycanlılara müsbət münasibəti ilə həmişə fərqlənib.
Azərbaycan bir sıra ölkə ilə strateji müttəfiqlik sənədi imzalayıb.
Özbəkistanla da münasibətlər 23 avqust 2024-cü ildə müttəfiqlik səviyyəsinə çatdırılmışdı.
Lakin iki il sonra – 23 avqust 2026-cı ildə Özbəkistanla strateji münasibətlərin daha mötəbər mərhələyə daşınması təsadüf sayıla bilməz. Məncə, burada çox ciddi siyasi, tarixi və strateji məna var.
Azərbaycan digər ölkələrlə müttəfiqlik münasibətləri qurub, amma Özbəkistanla münasibətlərin bundan sonrakı mərhələsi “əbədi dostluq” adlandırılıb.
Bu artıq klassik deyil, fərqli ittifaq fəlsəfəsidir.
Əgər müttəfiqlik sənədi dövlətlərin maraqlarının, təhlükəsizlik və qarşılıqlı dəstək mexanizmlərinin yaxınlaşmasını ifadə edirsə,
əbədi dostluq sənədi isə münasibəti daha nəsillərüstü və dəyişməz siyasi-strateji, tarixi mərhələyə yüksəldir.
Bundan başqa, iki ölkə arasında Ali Dövlətlərarası Şura yaradılıb, qarşılıqlı dövlət səfərləri intensivləşib və Bakı-Daşkənd münasibətləri Mərkəzi Asiya-Cənubi Qafqaz bağlantısının əsas siyasi xətlərindən birinə çevrilib.
Bu müqavilədən çıxan əsas nəticələrdən biri budur:
Azərbaycanın xarici siyasətində “müttəfiqlik” artıq münasibətlərin son nöqtəsi kimi deyil, müəyyən ölkələrlə daha yüksək siyasi-hüquqi, tarixi-mənəvi statusa keçidin mərhələsi kimi özünü ifadə edir.
Özbəkistanla “əbədi dostluq” müqaviləsi isə bunun ilk nümunəsidir. Müxtəlif ölkələrlə müttəfiqlik sənədləri olduğu halda, “əbədi dostluq” formulunun məhz Özbəkistanla seçilməsi Azərbaycan-Özbəkistan münasibətlərinə xüsusi siyasi status verildiyini göstərir.
Müəllif: Samir Feyruzov









