Bu gün nəqliyyat və yolla bağlı nəyin necə nəzərədə tutulduğu barədə danışmaq çətindir. Çünki görüləcək işlərlə bağlı cəmiyyətə şəffaş və açıq şəkildə öncədən xəbərdarlıq edilməli, əvvəlcədən münasib vaxt seçilməli idi.
Bu sözləri Tribuna.az-a deputat Fazil Mustafa yeni tədris ilinə yaxın bəzi stansiyaların bağlanması, həmçinin eyni vaxtda bir neçə yolda təmir işlərinin başlamasının yaratdığı çətinliklər barədə danışarkən deyib.
Millət vəkili bildirib ki, əvvəlcədən vətəndaş rəyi öyrənilməli idi:
“Vətəndaş rəyini, konkret şəraiti, xüsusilə məktəb şəraitini nəzərə almalı idilər.
Ancaq biz bununla bağlı hər hansısa öncədən bir məsləhətləşmə, fikir mübadiləsi, televiziyada, sosial şəbəkələrdə müzakirələrin aparıldığını görmədik. Bu olmadığına görə də birtərəfli formada qərar qəbul edilir.
Bəlkə də qərar qəbul edənlər haqlıdır. O mənada ki, yol, nəqliyyat problemi həllini tapmalıdır.
Amma vətəndaşın sıxıntısı, narahatlığı hesabına bunu etmək olmaz.
İndi baxın, yollarla bağlı aparılan kütləvi işlər vətəndaşların işə gecikməsinə səbəb olur. Ancaq biz işə gecikən vətəndaş üçün qanunvericilikdə hansısa yumşaldıcı addımların atılmasını təmin etməmişik.
Belə bir vəziyyətdə istənilən vətəndaş yollarda aparılan işlərə görə iş yerinə gecikir, təzyiqə məruz qala bilər, işdən çıxarıla bilər.
Bütün bunları nəzərə almalıyıq ki, aparılan istənilən iş vətəndaşın narahatçılığına gətirib çıxaracaq səviyyədə olmasın.
İstənilən işi vətəndaş nöqteyi nəzərindən həll etməliyik”.
Nigar İxtiyarqızı









