7 oktyabr — Qlobal siyasi proseslərə baxış

7 oktyabr — Qlobal siyasi proseslərə BAXIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 24 saatın siyasi mənzərəsində üç xətt xüsusilə güclənib: Rusiya–Ukrayna müharibəsi daha dərin qarşılıqlı zərbələr mərhələsinə keçir, Yaxın Şərqdə yeni regional hərbi ittifaq ilk real sınağı ilə üzləşir, ABŞ–Çin münasibətlərində isə rəqabətlə yanaşı yeni strateji dialoq kanalları açılır.

Rusiya–Ukrayna: artıq arxa cəbhə anlayışı zəifləyir

Ukrayna Rusiya ərazisinə müharibənin ən böyük dron hücumlarından birini həyata keçirib; Moskva bölgəsinə yüzlərlə pilotsuz aparat yönəldilib və iri yanacaq infrastrukturu hədəfə alınıb. Rusiya isə bu gecə Kiyev də daxil olmaqla Ukraynanın bir sıra bölgələrinə raket və dronlarla genişmiqyaslı cavab zərbələri endirib.
Burada müharibənin yeni mərhələsi görünür: cəbhə xətti qalır, amma arxa cəbhə getdikcə yox olur. Ukrayna Rusiyanın yanacaq və logistika sistemini vurmaqla müharibənin iqtisadi sahəsinə zərbə endirməyə çalışır; Moskva isə Ukraynanın hərbi sənayesini, limanlarını və istehsal imkanlarını sıradan çıxarmağa yönəlir. Bu dinamika sülh danışıqlarını yaxınlaşdırmaqdan çox, tərəflərin danışıqlara daha güclü mövqedən getmək cəhdini göstərir.

Qara dəniz: müharibə NATO-nun dəniz sərhədinə çatır

Bolqarıstanın xüsusi iqtisadi zonasında iki kommersiya gəmisinin dronlarla vurulması ciddi siqnaldır. Gəmilərdən biri batıb, digərində yanğın baş verib. Hadisənin mənbəyi araşdırılır, Kiyev məsuliyyəti Rusiyanın üzərinə qoyur.
Əsas siyasi mənanı araşdıraq : Qara dənizdə hərbi risk artıq Ukrayna limanlarından NATO ölkələrinin dəniz məkanına doğru keçir. Mülki gəmiçiliyə hücumlar davam edərsə, məsələ yalnız Rusiya–Ukrayna müharibəsi olmayacaq; NATO-nun dəniz təhlükəsizliyi, sığorta, taxıl və enerji daşımaları məsələsinə çevriləcək. Problem həm böyüyür, həm də qəlizləşir.Azərbaycan üçün də Qara dənizin təhlükəsizliyi Orta Dəhlizin Avropaya çıxışı baxımından birbaşa əhəmiyyət daşıyır.

Türkiyə–Səudiyyə Ərəbistanı–Pakistan: sənəddəki ittifaq real hərbi mexanizmə çevrilir

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişini ilk dəfə aktivləşdiriblər. Səbəb husilərin Səudiyyə Ərəbistanına hücumları və Yəməndə yenidən genişlənən müharibədir. Razılaşma qüvvə və hərbi imkanların sürətli yerləşdirilməsini nəzərdə tutur.
Bu, Yaxın Şərq üçün adi hadisə deyil. Regionda ABŞ-ın təhlükəsizlik çətirinə alternativ yox, amma onu tamamlayan yeni regional müdafiə mərkəzi yaranır. Türkiyənin hərbi sənayesi və NATO təcrübəsi, Pakistanın nüvə və hərbi potensialı, Səudiyyə Ərəbistanının maliyyə və enerji gücü bir platformada birləşir. Bu model işləsə, Yaxın Şərqin gələcək təhlükəsizlik arxitekturasına ciddi təsir göstərə bilər.

ABŞ–Çin: nüvə sahəsində gözlənilməz dialoq

Vaşinqton və Pekin qarşılıqlı olaraq nüvə obyektlərinə səfərlərin təşkilini müzakirə edirlər. Bu, iki ölkə arasında etimad yaratmaq və nüvə risklərini azaltmaq üçün yeni mexanizmin başlanğıcı ola bilər. Donald Tramp daha əvvəl Çin və Rusiyanın da daxil olduğu daha geniş silahlara nəzarət danışıqları təklif etmişdi.
Bu detal vacibdir. ABŞ və Çin rəqabəti dayandırmırlar, rəqabətin təhlükəli həddə çatmasının qarşısını almaq üçün qaydalar yaratmağa çalışırlar. Eyni zamanda Çin şirkətləri yenidən uzunmüddətli Amerika mayeləşdirilmiş qazı almağı müzakirə edir. İran böhranının yaratdığı enerji qeyri-müəyyənliyi hətta strateji rəqibləri iqtisadi əməkdaşlığa məcbur edir.

TRIPP: layihə siyasi ideyadan icra mərhələsinə keçir

Azərbaycan və ABŞ nümayəndələri TRIPP-in icrası, infrastrukturun idarə olunması və Azərbaycan–Ermənistan sülh prosesinin növbəti mərhələsini müzakirə edirlər. Nikol Paşinyan da layihənin təkcə Ermənistan deyil, bütövlükdə regionun iqtisadi mühitini dəyişdirə biləcəyini bildirir.
Burada əsas dəyişiklik sözlərdən mexanizmə keçiddir. TRIPP artıq “açılacaqmı?” sualından “necə işləyəcək?” mərhələsinə keçir. Azərbaycan üçün strateji nəticə Naxçıvanla bağlantıdan da genişdir: Orta Dəhliz, Mərkəzi Asiya və Türkiyə istiqamətləri vahid nəqliyyat şəbəkəsində birləşdikcə Bakı həmin sistemin əsas qovşaqlarından birinə çevrilir.

Günün əsas tezisləri

“Rusiya–Ukrayna müharibəsində cəbhə qalır, amma arxa cəbhə anlayışı tədricən yox olur.”

“Yaxın Şərqdə ilk dəfə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının hərbi imkanlarını birləşdirən real regional təhlükəsizlik mexanizmi sınaqdan keçir.”

“TRIPP-də əsas sual artıq yolun açılıb-açılmayacağı deyil; yolun hansı mexanizmlə işləyəcəyi və böyük Avrasiya bağlantısına necə çevriləcəyidir.”

Vüqar İskəndərov
Milli Məclisin deputatı