Erməni kişiyə 18 ömürlük həbs cəzası verildi

Erməni kişiyə 18 ömürlük həbs cəzası verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dodekanes Cinayət Apellyasiya Məhkəməsi Ermənistan vətəndaşını Rodos adası yaxınlığında iki miqrantın ölümünə səbəb olan sürət katerinin batmasına görə 18 ömürlük həbs cəzasına məhkum edib.

Bu barədə Oxu.Az Yunanıstan KİV-ə istinadən məlumat verir.

Məlumata görə, məhkəmə 32 yaşlı ermənini heç bir yüngülləşdirici halları nəzərə almadan bütün irəli sürülən ittihamlar üzrə təqsirli bilib. Ömürlük həbs cəzası 18 dəfə tətbiq edilib – katerin içində olan hər bir şəxs üçün bir ömürlük həbs. Bundan əlavə, ona, həmçinin doqquz ay həbs cəzası və 2 400 500 avro məbləğində cərimə müəyyən edilib. Apellyasiya hökmün icrasını dayandırmır.

Qeyd edək ki, eyni iş üzrə, həmçinin 31 yaşlı Azərbaycan və 34 yaşlı Ermənistan vətəndaşı da mühakimə olunublar. Məhkəmə onları yalnız Yunanıstana qeyri-qanuni girişdə təqsirli bilib və hər birini icranın təxirə salınması ilə doqquz ay həbs cəzasına məhkum edib və 1 500 avro cərimə kəsib.

İnsident 2025-ci il oktyabrın 14-nə keçən gecə Rodos adasının Paradeisi şəhəri yaxınlığında baş verib. Sürət kateri oktyabrın 13-ü axşam Türkiyənin Marmaris şəhərindən yola düşüb. Göyərtədə 21 nəfər olub. Saat 00:20-də kater Rodos istiqamətində hərəkət edən Yunanıstan patrul kateri tərəfindən aşkar edilib.

Yunanıstan tərəfinin məlumatına görə, sahil mühafizəsi əməkdaşları qayığın dayandırılmasını tələb edərək işıq və səs siqnalları ötürüblər, lakin katerin sürücüsü buna əməl etmək istəməyib. Bu zaman təqib başlayıb və kater təhlükəli manevrlər edib, daha sonra da aşıb. Göyərtədə olan hər kəs suya düşüb, üstəlik, iş materiallarına əsasən, sərnişinlərin xilasetmə jiletləri olmayıb.

Sahil mühafizəsi əməkdaşları 16 nəfəri – 12 kişi və 4 qadını xilas edə biliblər. Daha sonra sudan daha iki sərnişinin cəsədi çıxarılıb: İraqdan olan 10 yaşlı oğlan uşağı və Qəzzadan olan 21 yaşlı fələstinli. Məhkəmə-tibbi ekspertizası ölüm səbəbinin boğulma olduğunu müəyyən edib.

Hadisədən sonra üç kişi saxlanılıb: 31 yaşlı Azərbaycan vətəndaşı və 32 və 34 yaşlarında iki Ermənistan vətəndaşı. Xilas edilən miqrantlar onları keçidin təşkilində iştirak edən və kateri idarə edən şəxslər kimi göstəriblər.

Məhkəmədə şahidlər bildiriblər ki, keçidi reallaşdıran şəxsləri, əsasən, sosial şəbəkələr vasitəsilə tapıblar və səyahət üçün onlara 3 500 ilə 4 300 avro arasında pul ödəyiblər. Onların ifadəsinə görə, qayıqda üç kişi olub və onları “kapitan” adlandırıblar: ikisi növbə ilə kateri idarə edib, üçüncüsü isə marşrutla bağlı təlimatlar verib. Sərnişinlər, həmçinin iddia ediblər ki, Yunanıstan patrul kateri peyda olduqdan sonra kişilər qəfil hərəkətin istiqamətini dəyişməyə başlayıblar və nəticədə kater aşıb.

32 yaşlı erməni ilkin olaraq etiraf edib ki, kateri idarə edib, lakin bildirib ki, Türkiyədəki daşınma təşkilatçısının göstərişlərinə uyğun olaraq hərəkət edib və pulsuz olaraq Yunanıstana daxil olmalı idi. Daha sonra o, katerin idarəetməsinə görə məsuliyyəti öz üzərinə götürüb, digər iki təqsirləndirilən şəxsin sərnişin olduğunu iddia edib.

O, həmçinin Yunanıstan sərhədçilərinin havaya atəş açdıqlarını və baş verənləri hücum kimi başa düşdüyünü iddia edib. Bundan əlavə, o bəyan edib ki, patrul kateri onun kateri ilə toqquşub. Lakin Yunanıstan patrul komandirinin ifadəsində qeyd edilir ki, katerin batmasına səbəb sürücünün təhlükəli manevrləri olub, toqquşma barədə isə məlumat verilmir.

31 yaşlı Azərbaycan və 34 yaşlı Ermənistan vətəndaşı əvvəldən keçidin təşkilində iştiraklarını inkar edirdilər. Onlar özlərinin sərnişin olduqlarını və Avropaya səfər üçün hərəyə 4 000 avro ödədiklərini, kateri isə ancaq 32 yaşlı erməninin idarə etdiyini iddia edirdilər. Yunanıstan KİV-in məlumatına görə, ilkin olaraq üç kişiyə qarşı qrup şəklində və tamah məqsədilə törədilməklə və insanların ölümünə səbəb olmaqla üçüncü ölkə vətəndaşlarının su nəqliyyatı ilə qeyri-qanuni daşınması, eləcə də ölkəyə qeyri-qanun giriş və itaətsizlik üzrə ittiham irəli sürülüb.

İş materiallarında, həmçinin göstərilir ki, kater həddindən artıq yüklənmiş olub, lazımi xilasetmə avadanlıqlarına və naviqasiya işıqlarına malik olmayıb, təqsirləndirilən şəxslərin isə katerin idarə edilməsi üzrə müvafiq sertifikatları olmayıb.

Nəticədə məhkəmə 32 yaşlı Ermənistan vətəndaşını tam şəkildə təqsirli bilib, digər iki təqsirləndirilən şəxs üçün isə yalnız Yunanıstana qeyri-qanuni girişə görə cəzanı qüvvədə saxlayıb.