Məlum olduğu kimi, oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Türkiyə bayrağı altında üzən “Royad Məmmədov” adlı yük gəmisi dron hücumuna məruz qalıb. Sözügedən gəminin azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olduğu iddia edilir.
Tribuna.az xəbər verir ki, bu barədə AZTV-nin hücumla bağlı hazırladığı materialda bildirilir.
Qeyd olunub ki, “Rynda” gəmi məlumatları portalında “Royad Mammadov”un ISM meneceri kimi “Palmali Gemicilik ve Acentelik” şirkəti göstərilir.
“Palmali” şirkətlər qrupunun təsisçisi isə azərbaycanlı iş adamı Mübariz Mənsimovadur.
APA-ya XİN-in Mətbuat xidmətindən bildirilib ki, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımız 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu itkin düşüb. Hazırda, müvafiq axtarış tədbirləri həyata keçirilir.
Gəmi heyətində olan digər vətəndaşlarımız xilas edilib, onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, dron hücumuna məruz qalan “Royad Məmmədov” adlı gəmi Vətən müharibəsi şəhidi Röyad Məmmədovun adını daşıyır.
Röyad Məmmədov 2000-ci il oktyabr 25-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2018-ci ildə Mahmudavar kənd tam orta məktəbini bitirir və Qərbi Kaspi Universitetinin nəzdində yaradılmış Qərbi Kaspi Kollecinə daxil olur. 1 ay təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılır.
Röyad Məmmədov 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Röyad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Röyad Məmmədov noyabrın 8-də Laçından Şuşaya gələn yolu ələ keçirmək uğrunda döyüşlər zamanı şəhid olub. Mahmudavar kəndinda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyad Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyad Məmmədov ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Röyad Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Nigar İxtiyarqızı









