Tribuna.az xəbər verir ki, italiyalı aktrisa Monika Belluççi 62 yaşını qeyd edib. Formasını qoruması ilə diqqət çəkən məşhur ulduz sağlam və gənc görünüşünün sirrinin gözlənildiyi kimi sərt pəhriz və ağır məşqlər olmadığını açıqlayıb.
Belluççi yaxın vaxtlarda “The Telegraph”a verdiyi müsahibədə makaron və tortu çox sevdiyini bildirib. Aktrisa maddələr mübadiləsini aktiv saxlamaq üçün gün ərzində beş dəfə qidalanmağa çalışdığını deyib. Onun qidalanma rejiminə səhər yeməyi, nahar, şam yeməyi və iki ara öyün daxildir.
Aralıq dənizi pəhrizinə üstünlük verən Belluççi tərəvəz, meyvə, yağsız protein və zeytun yağı ilə zəngin qidalara üstünlük verir. O, həmçinin qoz-fındıq və avokado kimi sağlam yağ mənbələrini də rasionuna daxil edir.
Aktrisa sevdiyi qidalardan tamamilə imtina etmək əvəzinə porsiyalara nəzarət etdiyini bildirib. Bu yanaşma ona zaman-zaman tort və makaron kimi sevdiyi yeməklərdən də zövq almağa imkan verir.
Belluççi fiziki aktivlikdə də özünü həddindən artıq yükləmir. O, bəzən Pilateslə məşğul olur, həmçinin həftədə bir neçə dəfə 45 dəqiqə üzməyi sevir.
“Bir qədər məşq edirəm və işləməli olduğum zaman pəhrizə diqqət edirəm, amma bununla bağlı obsesiyam yoxdur”, – deyə aktrisa bildirib.
Belluççi yaşlanma ilə bağlı fikirlərini də bölüşərək, 50-60 yaşdan sonra insanın əvvəlki görünüşünü qorumasının mümkün olmadığını, lakin yaş almağın həyatın təbii hissəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, yetkinlik insana mühüm üstünlük – müstəqillik qazandırır.
İmran Kərimli













