Ölkədə istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq.
Bu barədə Azəristiliktəchizat” ASC-dən məlumat verilib.
Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, bununla belə, bəzi ərazilərdə, xüsusilə məcburi köçkünlər üçün inşa edilmiş yaşayış komplekslərində ayrı-ayrı binaların sakinləri arasında ödənişdən kütləvi yayınma halları müşahidə olunur.
Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu Tribuna.az-a deyib ki, sakinlərin ödəniş etməsi tələbdir, lakin Azəristilik ASC abonentləri bu tərzdə təhdid etməməlidir. Onun sözlərinə görə, vətəndaşlara hissə-hissə ödəniş etməyə şərait yaradılmalıdır, nəinki borcunu verməyənləri istilikdən məhrum etməklə hədələmək. Hüquq müdafiəçisi qeyd edib ki, bu yanaşma bütün hallarda düzgün deyil: “Nəzərə almaq lazımdır ki, əhalinin sosial şəraiti hansı səviyyədədir. İkincisi, aztəminatlı ailələr var. Bundan başqa, həmin binalarda təqaüdçü, yaşlı, xəstə insanlar var. Bu həssas təbəqəni nəzərə almaq lazımdır. Eyni zamanda, hər bir ailədə körpəsi, uşağı olanlar da var. Onları qışın soyuğunda istiliksiz qoymaq olmaz. Yəni ödəniş etməyən binaları tamamilə istiliksiz qoymaqla qorxutmaq, bu tonda xəbərdarlıq etmək düzgün deyil”.
Həsən Ağa









